Lənkəranda məsciddə qətl törədənlərin cəzası yüngülləşdirilmədi

Şirvan Apellyasiya Məhkəməsində hakim Kamran Əkbərovun sədrliyi ilə Lənkəran şəhər sakinləri Emin Bəşirov və İsmayıl Nəsirovun apellyasiya şikayətinə baxılıb. Bu barədə "OLAYLAR"a məhkəmədən məlumat verilib. Prosesdə şikayət araşdırılsa da, təmin edilməyib.
Qeyd edək ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində Mehman Abdullayevin sədrliyi ilə keçirilən prosesdə Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə təqsirli bilinən Emin Bəşirov 10 il, İsmayıl Nəsirov isə 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, təqsirləndirilən şəxslər Bağırova Lətafət Qafar qızına məxsus mənzili qaytarmağa məcbur etmək məqsədilə 31 avqust 2010-cu il tarixdə saat 22 radələrində Sadıqov Nəzər Əliqulu oğluna silah qismində bıçaq tətbiq etməklə onun 5.500 manat dəyərində "Opel Vextra B" markalı avtomobilini, 360 manat dəyərində olan "Sony Erikson" markalı mobil telefonunu və 60 manat dəyərində olan gümüş boyunbağısını əlindən alaraq quldurluq ediblər.
Bundan sonra Nəzər Sadıqov Emin Bəşirovdan qisas almaq məqsədilə 10 nəfərdən çox şəxslə birlikdə ov tüfəngləri və silah qismində istifadə edilən bıçaqlarla silahlanaraq 2 sentyabr 2010-cu il tarixdə saat 23:00 radələrində avtomobillərlə Lənkəran rayonunun Qumbaşı kəndinə gəlib, məscidin qarşısında duran şəxslərin ünvanına nalayiq söyüşlər söyüb, kənd sakinlərinə tərəf atəş açması nəticəsində bir nəfər ölüb, digərinə isə bədən xəsarətləri yetirilib. 
Xatırladaq ki, Qumbaşı kənd məscidinin qarşısında baş verən hadisədə təqsirləndirilən 10 nəfərin məhkəmə prosesi başa çatıb.
Məscidin qarşısında toplaşmış yerli sakinlərə "Vinçester" markalı silahdan açılan atəş nəticəsində kənd sakini, 42 yaşlı Elşən Əliməmməd oğlu Hüseynov qətlə yetirilib. Digər kənd sakini, 26 yaşlı Ramin Baloğlan oğlu Ağamalıyev isə döş qəfəsindən aldığı güllə yarası ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasının çatdırılıb.
Lənkəran Ağır Cinayətlər Məhkəməsində Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsinin bir neçə bəndi, xuliqanlıq və odlu silah saxlama maddələri ilə təqsirli bilinən Nəzər Sadıqov 13 il, Elvin Mirzəyev 13 il, Həsən Adəmzadə 11 il 6 ay, Arif Feyzullayevin 4 il 6 ay, Miri Miriyev 4 il, Orxan Dəyyazov 2 il, Emil Bayramov 1 il 6 ay, Ramin Hümbətovun isə 1 il müddətinə azadlıqdan məhrumetmə, Məlikağa Məlikli və Sadiq Həsənovun barəsində isə 3 il müddətinə şərti azadlıqdan məhrumetmə cəzası təyin edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31