İş adamını öldürüb qaçan qatillərə hökm oxundu

Lənkəran Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən 3 nəfərin işi üzrə məhkəmə prosesi başa çatıb. Bu barədə "OLAYLAR"a məhkəmədən məlumat verilib. Hakim Rəşid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs Sevinc Rzayeva 15 il, Kamran Abbasov 15 il, Ceyhun Məmmədov 14 il 1 ay 19 gün müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, 2011-ci ilin iyunun 15-də Lənkəran şəhərinin mərkəzində yerləşən üçmərtəbəli villada ev sahibi biznesmen Fərid Rzayevin asılmış meyiti tapılıb.
Keçirilən məhkəmə tibbi-ekspertizasının rəyindən bəlli olub ki, biznesmen intihar etməyib. Onun başına, üzünə küt alətlə zərbələr endirilib. Nəticədə burnu sınıb, bədənində də çoxlu qançırlar müəyyən olunub. İp də boynuna ölümündən sonra keçirilib. Belə təəssürat yaratmaq istəyiblər ki, Fərid özünü asıb.
Ekspertizanın rəyindən sonra özünü öldürmə maddəsi qəsdən adam öldürmə maddəsinə tövsif edilib.
Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsinin təqdimatı ilə iyulun 19-da Kamran Abbasov, bir gün sonra isə onun bacısı Sevinc Rzayeva həbs olunublar. Daha sonra görülən istintaq tədbirləri nəticəsində cinayətin daha bir iştirakçısı Ceyhun Məmmədov da həbs edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31