Salyanda yas mərasimində kütləvi zəhərlənmə
40 nəfərə yaxın sakin xəstəxanaya yerləşdirildi
19 Aprel 2012 14:35 KriminalSalyan rayonunda keçirilən yas mərasimində kütləvi zəhərlənmə hadisəsi baş verib. Bu barədə "OLAYLAR"a Salyan rayon sakinləri məlumat verib. Məlumata görə, hadisə nəticəsində 40-a yaxın şəxs zəhərlənib. Hadisə aprelin 18-də, Salyan rayonunun Xıdırlı kəndindəki yas mərasimində baş verib. Mərasimdə yemək yeyəndən sonra bir çox şəxslər zəhərlənib və dərhal xəstəxanaya çatdırılıb. Mərasimdə iştirak edən 14 qadın, 7 kişi Salyan Mərkəzi Rayon Xəstəxanasının yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilib. 14 nəfər vətəndaş isə Toksikoloji Mərkəzə göndərilib. Xəstələrin əksəriyyəti ilk tibbi yardımdan sonra evə buraxılsalar da, bir neçə xəstənin hələ də həkim nəzarətində saxlanıldığı bildirilir. Salyan rayon Mərkəzi Xəstəxanasından "OLAYLAR"a verilən məlumata görə, xəstələrdən və yas mərasimindəki bütün qidalardan nümunələr götürülüb. Nümunələrin analizindən sonra kənd sakinlərinin nədən zəhərləndiyi açıqlanacaq. Xəstəxanadan onu da qeyd ediblər ki, müəssisəyə müraciət edən xəstələrin həyatı təhlükəsi yoxdur və onlar özlərini normal hiss edir.