Yol terroru törədən şəxsin şikayəti təmin edilməyib
16 Noyabr 2012 17:15 KriminalŞirvan Apellyasiya Məhkəməsində Hacıqabul rayonu ərazisində 2 nəfərin ölümü, 9 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsinin törədilməsində ittiham olunan Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü Əmiraslan Rəhimovun apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb. Bu barədə məlumatı "OLAYLAR"a məhkəmədən veriblər. Hakim Əhməd Nurməmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin apellyasiya şikayəti üzrə qərar elan edilib. Qərara görə, Əmiraslan Rəhimovun apellyasiya şikayəti təmin edilməyib.
İttihama görə, 2011-ci il sentyabrın 5-də Bakı-Qazax-Gürcüstan sərhəd yolunun Hacıqabul rayonu ərazisindən keçən 143-cü km-də Əmiraslan Rəhimovun Qazax rayonu istiqamətində idarə etdiyi "Setra" markalı avtobus, onunla eyni istiqamətdə hərəkətdə olan Tərtər rayon sakini İsmayıl Nəbiyevin idarə etdiyi "Ford Tranzit" markalı mikroavtobusun arxa hissəsi ilə toqquşub. Qəza nəticəsində "Ford Tranzit" markalı mikroavtobusun sərnişinləri Tərtər rayon sakinləri - Niyaməddin Zamanov və Elman Ağamalıyev hadisə yerində ölüblər. Sürücü və digər sərnişinlər Tərtər rayon sakinləri - Nəsibə Ağamalıyeva, Nisə Ağamalızadə, İmaməddin Zamanov, Kəmalə Həsənova və Lətifə Abbasova xəsarət alaraq Şirvan rayon mərkəzi xəstəxanasına, Elyaz Abbasov, Aygün Əlizadə, Dilşad Məmmədova xəsarət alaraq Hacıqabul rayon mərkəzi xəstəxanasına çatdırılıblar.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əmiraslan Rəhimov 9 il müddətinə azadlıqdan məhrum edilib. Həmin hökmdən narazı qalan Əmiraslan Rəhimov apellyasiya şikayəti verib. O, şikayətində cəzasının yüngülləşdirilməsini istəyib.