“Eurovision” vaxtı Bakıda terror planlaşdıranların məhkəməsi başladı
16 Noyabr 2012 11:31 KriminalBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Eurovision 2012″ mahnı müsabiqəsi ərəfəsində Bakıda və regionlarda terror hadisələri planlaşdırmaqda şübhəli bilinən dəstənin üzvləri - Kamal Yaqubov, Rəşad Şahbazov, Rəcəb Abbasov və Afiq Allahverdiyevin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.
Qapalı keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. Daha sonra təqsirləndirilən şəxslər ifadə verərək özlərini qismən təqsirli bildiklərini deyiblər.Proses noyabrın 19-da davam etdiriləcək.
Qeyd edək ki, Milli Təhlükəsizlik Nazirliyi (MTN) "Eurovision 2012″ mahnı müsabiqəsi ərəfəsində Bakı, Sumqayıt, Gəncə şəhərlərində, o cümlədən Qax, Zaqatala, Şəki, Quba rayonlarında xüsusi əməliyyat keçirib, terror hadisələri planlaşdırmaqda şübhəli bilinən ümumilikdə 40 nəfəri zərərsizləşdirib. Qrup üzvlərinin cinayət işləri mahiyyəti üzrə ayrı-ayrılıqda araşdırılır.
Onlar Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 29,214.2.1, 29,214.2.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən, təkrar terrorçuluq törətməyə cəhd), 206.4-cü (qaçaqmalçılıq), 228.3-cü (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham edilirlər.
APA