Bakıda vətəndaşları aldadan tikinti maqnatlarının məhkəməsi başladı

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən "Kamran B.Ə." MMC-nin vəzifəli şəxslərinin işi üzrə məhkəmə prosesi başlayıb. Bu barədə "OLAYLAR"a məhkəmədən məlumat verilib. Hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə qarşı ittiham aktı elan olunub və təqsirləndirilən şəxslər ifadə verib.

İttihama görə, "Kamran B.Ə." MMC-nin təsisçisi və rəhbəri Ələkbər Babayev müxtəlif dövrlərdə MMC-nin direktoru vəzifəsində işləmiş German Hüseynov və Rüfət Nağıyev, tikinti nəzarətçisi Süleyman Əliyev və "İnşaat-E" MMC-nin direktoru Kənan Quliyev ilə qabaqcadan əlbir olaraq cəmiyyət tərəfindən paytaxtın Yasamal rayonu ərazisində tikilən çoxmərtəbəli yaşayış binasında ümumilikdə 92 mənzili saxta müqavilələr tərtib etməklə 291 şəxsə təkrar sataraq əldə edilmiş 8 milyon 566 min manatın 2 milyon 545 min manatını inşa edilən binanın tikintisinə sərf edib, qalan 6 milyon 20 min manat məbləği isə dələduzluq yolu ilə talayıblar.
İstintaqın gedişində 200 nəfər zərərçəkmişlə binanın tikintisini davam etdirən "Şaiq" MTK arasında yeni müqavilələr bağlanılmaqla onların pozulmuş mənzil hüquqları bərpa olunub. Bundan başqa, zərərçəkmişlərdən 12 nəfərə 217 min 699 manat qaytarılmaqla vurulmuş zərərin ödənilməsi təmin edilib, digər 79 nəfərə vurulmuş 2 milyon 251 min manat zərərin ödənilməsini təmin etmək məqsədilə təqsirləndirilən şəxslərin adlarına qeydə alınmış daşınar və daşınmaz əmlakların üzərinə həbs qoyulub.
Bundan başqa, "Kamran B.Ə." MMC vergiödəyicisi kimi qeydiyyatdan keçdikdən sonra Ələkbər Babayev 2008-ci ilin yanvar ayından 2011-ci ilin avqust ayına kimi olan dövrdə mənzil satışından əldə etdiyi 7 milyon 428 min manat məbləği zəruri sənədləri tərtib etməyərək vergi bəyannamələrində əks etdirməyib, eyni zamanda mənzil tikintisi ilə məşğul olan şəxslər kateqoriyasına aid hüquqi şəxs olmaqla vergi orqanlarına sadələşdirilmiş vergi hesabatlarını təqdim etməyərək 1 milyon 623 min manat məbləğdə külli miqdarda vergiləri dövlət büdcəsinə ödəməkdən yayınıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31