Polis paytaxtda reydə başladı

Noyabrın 6-dan paytaxtda pərdəli və plyonkalı avtomobillərin aşkar edilməsi məqsədi ilə reydlərə başlanılıb.Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov bildirib ki, ilin əvvəlindən bu günə qədər paytaxt ərazisində avtomobillərə görünüşü məhdudlaşdıran, şəffaflığı korlayan pərdə, plyonka və digər qurğuların quraşdırılaraq idarə edilməsi faktlarına qarşı keçirilən tədbirlər zamanı 5200-dən artıq sürücü inzibati qaydada məsuliyyətə cəlb edilib. Bu istiqamətdə təbliğatın və digər tədbirlərin aparılmasına baxmayaraq, paytaxt ərazisində bu tipli avtomobillərin sayı yenə də çoxalıb.Buna görə də Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarından ibarət qruplar yaradılıb və yol patrul xidmət müfəttişləri ilə birgə paytaxtın müxtəlif ərazilərində reydlərə başlanılıb.Paytaxtın Yasamal, Nəsimi və Xətai rayonları ərazisində keçirilən reydlər zamanı bir neçə nəqliyyat vasitəsi aşkar edilmişdir. Həmin avtomobillərin sürücüləri barəsində inzibati protokol tərtib olunaraq cərimələnirlər.Avtomobil sahiblərinə bir daha xəbərdarlıq olunur ki, nəqliyyat vasitələrinin şüşələrinə görünüşü məhdudlaşdıran, şəffaflığı korlayan pərdə, plyonka və digər qurğular quraşdıraraq idarə edən avtomobillərə qarşı reydlər davam etdiriləcək. Xahiş olunur ki, avtomobillər zavod istehsalı vəziyyətində idarə olunsun.Qeyd edək ki, "Yol hərəkəti haqqında" Qanuna edilən əlavənin tələbinə əsasən avtonəqliyyat vasitələrinin şüşələrinə görünüşü məhdudlaşdıran, şəffaflığı korlayan pərdə, plyonka və digər qurğuların quraşdırılaraq istismar edilməsi qadağandır. Belə avtomobillərin idarə edilməsinə görə sürücülər məsuliyyət daşıyırlar. /Azərtac/

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31