Azərbaycanda 13 yaşlı yeniyetmə əmisinin 6 min manatını oğurladı - TƏFƏRRÜAT
6 Noyabr 2012 18:30 KriminalCari ilin avqust ayında törədilən hadisə Siyəzən şəhər sakini Elxan Əliyevin mənzilində baş verib. Milli.Az Regional TV-yə istinadən xəbər verir ki, Siyəzəndə 1 qrup yeniyetmə və gənc şəhər sakininin evindən içərisində 6 min manat pul olan seyfi oğurlayıb. Qrupun kiçik üzvünün 13, böyüyünün 24 yaşı var. Seyf Elxan Əliyevə məxsus Siyəzən şəhəri Babək küçəsinəki 49 nömrəli evdən oğurlanıb.
Maraqlıdır ki, seyfi onun evindən qardaşı oğlu, 13 yaşlı Şahin Əliyev çıxarıb. Çöldə onu eyni məktəbdə oxuduqları dostları Fərid, Ruslan, Habil və aralarında ən böyük olan 11-ci sinif şagirdi Nicat Mövsümov qarşılayıb. Daha sonra qrupa yaxınlıqda kompüter salonu işlədən informasiya texnologiyaları üzrə mütəxəssis Mehdi Həmidov da qoşulub. Yaxınlıqdakı bağçanın həyətinə gələn 6 nəfər kustar üsulla hazırlanan seyfi sındıraraq pulları ələ keçirib.
Gülməli də olsa, seyfi evdən çıxaran qardaşoğlu və digər 3 məktəbliyə pulun cüzi hissəsi çatıb. Qalan pul isə 11-ci sinif şagirdi Nicat və kompüter salonu işlədən Mehdi arasında bölüşdürülüb. Asan yolla varlanan Nicat özünə "VAZ 21 011" markalı avtomobil, Mehdi isə 380 manat ödəyərək yeni web sayt alıb.
Oğurluq əməlini törədən Şahin, Fərid, Habil və Ruslan azyaşlı olduqlarına görə həbs edilməyiblər. Nicat Mövsümov və Mehdi Həmidov isə saxlanılıblar.
Qeyd edək ki, üstü indi açılan oğurluq faktı avqust ayında törədilib.