Vətəndaşları aldadan dələduzun cəzası 5 il azaldıldı

Bakı Apellyasiya Məhkəməsində dələduzluq etməkdə təqsirli bilinən 40 yaşlı İqbal Camalovun məhkəməsi başa çatıb. Bu barədə "OLAYLAR"a məhkəmədən məlumat verilib. Hakim Vaqif Mursaqulovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, təqsirləndirilən şəxsin apellyasiya şikayəti qismən təmin edilib. Məhkəmə İqbal Camalovun barəsində olan hökmü ləğv edib və onun barəsində yeni hökm elan edib. Yeni hökmə əsasən, İqbal Camalovun barəsində 3 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə təqsirli bilinən İqbal Camalov 8 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, İqbal Camalov vətəndaşları işə düzəltmək adı ilə 25 000 manat pul mənimsəyib. Vətəndaşların şikayəti əsasında İqbal Camalovun barəsində cinayət işi başlanıb. Binəqədi rayon Polis İdarəsinin 6-cı polis bölməsinin əməkdaşları İqbal Camalovu Qazax rayonunda sərhədi keçərkən tutub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31