Briliyant qaçaqmalçılarının şikayəti rədd edildi

Bakı Apelyasiya Məhkəməsində Azərbaycana qaçaqmalçılıqla külli miqdarda brilyant gətirməkdə ittiham olunan Hindistan vətəndaşı Mahmoudi Mahmoud Alilou, Azərbaycan vətəndaşları Firudin Ağayev, Hafiz Abdullayev, İsmayıl Allahverdiyevin apelyasiya şikayəti üzrə məhkəmə başa çatıb. Bu barədə "OLAYLAR"a məhkəmədən məlumat verilib. Hakim Qail Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, təqsirləndirilən şəxslərin apelyasiya şikayətləri təmin edilməyib və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü qüvvədə saxlanılıb.
İttihama görə, Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində qaçaqmalçılıq yolu ilə gizli şəkildə 384 karata yaxın brilyant daşları Azərbaycana gətirmiş şəxslər cinayət başında yaxalanıblar.
Müəyyən edilib ki, Hafiz Abdullayev Qazax rayonundakı "Sınıq Körpü" gömrük postundan keçərək Gürcüstan Respublikasının Tiflis şəhərindən təyyarə ilə Türkiyə Respublikasının İstanbul şəhərinə, oradan isə "İstanbul-Dehli" aviareysi ilə Hindistana gedib. Hafiz Abdullayev Dehli şəhərində əldə etdiyi qızıl-brilyant məmulatlarını gizlədərək eyni marşrutla geri qayıdıb və "Sınıq Körpü" gömrük postundan qaçaq yolla keçirib Azərbaycana gətirib. Lakin Hafiz Abdullayev gömrük postunu keçdikdən sonra Qazax rayonu ərazisində yaxalanıb və baxış zamanı gizli gətirdiyi külli miqdarda dəyəri olan 193,87 karat brilyant daşlar və 3 ədəd "585" əyarlı qızıl üzüklər aşkar edilərək götürülüb. Hafiz Abdullayevin ifadəsi əsasında digər təqsirləndirilən şəxslər də müəyyən edilərək, həbs ediliblər.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31