“Atletlər kəndi”ndə baş vermis qəza ilə bağlı polis rəisi ifadə verib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 2015-ci ildə Bakıda keçirilən Avropa Oyunları zamanı yaradılan "Atletlər kəndi"ndə baş verən yol-nəqliyyat hadisəsində təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Cavid Hüseynov sədrlik edib. Prosesdə şahid qismində Nizami rayon Polis İdarəsinin növbətçi hissənin rəisi Mehman Əliyev ifadə verib. Şahid qəza zaman ərazidə xidmətdə olduğunu deyib. Məhkəmə heyəti prosesə gəlməyən şahidlərin məcburi qaydada gətirilməsi barədə qərar çıxarıb. Məhkəmə prosesi iyunun 3-də davam etdiriləcək.

Qeyd edək ki, ötən il iyunun 11-də, I Avropa Oyunlarının "Atletlərkəndi"nin nəqliyyat deposunda, "Bakubus" MMC-yə məxsus avtobus hərəkət zolağından çıxaraq piyadaları üçün səki ilə gedən Avstriyanın sinxron üzgüçülük üzrə yığma komandasının üzvləri Vanessa Sahinoviçə və Luna Paceri vurub. Yol-nəqliyyat hadisəsində sürücü Vəli Əhmədov, Nəqliyyat Nazirliyinin (NN) Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin şöbə rəisi Hüseyn Salamov, "Təhlükəsiz şəhər" kamerasının operatoru Elçin Həsənov və NN-in Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Sərnişindaşıma Departamentinin məsləhətçisi Fərid Əmiraslanov təqsirləndirilir. V.Əhmədova qarşı Cinayət Məcəlləsinin 263.1-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda), H.Salmanov və E.Həsənova qarşı 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), F.Əmiraslanova qarşı isə 314-cü (səhlənkarlıq) maddəsi ilə ittiham irəli sürülüb. Digərlərindən fərqli olaraq, F.Əmiraslanov barəsində həbs-qətimkan tədbiri seçilməyib. O, zaminə buraxılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31