İnsan alveri cinayətlərinə görə 10 nəfər azadlıqdan məhrum edilib - İCLAS

Vilayət Eyvazov: “Azərbaycan insan alverinə məruz qalan şəxslər üçün mənbə ölkədir”

Milli Məclisin noyabrın 2-də keçirilən iclasında millət vəkilləri müxtəlif məsələlərə toxunublar. Millət vəkili Səyavuş Novruzov bildirib ki, Azərbaycanın qüdrəti artdıqca xaricdən və daxildən müəyyən qüvvələr hərəkətə keçir: "Birdən yadlarına  düşür ki, aksiya keçirmək azadlıqları var. Özləri də şahidi oldular ki, nə Allah, nə təbiət, nə cəmiyyət onların niyyətini qəbul edir. O gün bulvarda 5-6 nəfəri uşaq kimi öyrədiblər, gah oradan, gah buradan çıxırlar. Partiya sədrləri isə qərargahlarında oturub məqam gözləyirlər. Onlar gənc nəslin tərbiyəsinə çox mənfi təsir göstərirlər. Siyahıya da baxanda görürsən ki, müxalifətçilərdən birinin oğlu, qardaşı oğlu və bu kimi insanlardır". S. Novruzov əlavə edib ki, parlament əleyhinə yazan qəzetlərin parlamentdəki müxbirlərinin akkreditasiyası ləğv olunmalıdır: "Nə vaxt düzələrlər, o vaxt akkreditasiyaları bərpa olunar". Millət vəkili İqbal Ağazadə deputat həmkarlarından fərqli olaraq bildirib ki, bu cür məsələlərə tolerant yanaşılmalıdır: "Mən də iqtidar qəzetlərində təhqir olunmuşam, amma onları məhkəməyə verib, cərimələtməyə çalışmamışam. Mətbuatın üzərinə getməkdənsə, bir az da özümüzə baxaq. Burada çıxış edən millət vəkillərinin çoxu dəfələrlə müxalifət barədə təhqiramiz fikirlər işlədib. Bunu kimin üzərinə yazaq? " Spiker Oqtay Əsədov cavabında bildirib ki, hələ " Avropa ölkələrinin 25-də belə bir qanun yoxdur. Diffamasiya haqqında" qanun qəbul olunmayıb, bu qədər təhqirlər yazılır: "Bu qanun qəbul olunsa, vəziyyət necə olacaq?"

Cari məsələlərin müzakirəsindən sonra  İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik hesabatı dinlənilib. Hesabatı təqdim edən  Milli Koordinator, daxili işlər nazirinin müavini Vilayət Eyvazov bildirib ki, insan alveri cinayətlərinə görə məhkəmələr tərəfindən 10 nəfər 5 ildən 10 ilədək müddətdə azadlıqdan məhrum edilib: "Araşdırmalar göstərir ki, Azərbaycan insan alverinə məruz qalan şəxslər üçün bu gün yalnız mənbə ölkəsidir və son 2 ildə digər dövlətlərdən olan şəxslərin respublikanın ərazisindən tranzitlə keçirilməsi və ya insan alveri məqsədilə gətirilməsi kimi əməllər qeydə alınmayıb". 2012-ci ilin 10 ayında həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində insan alveri ilə bağlı 85 fakt aşkar edilib. Müvafiq dövrdə məcburi əməklə bağlı 2 fakt aşkarlanıb, həmçinin 2 mütəşəkkil dəstə və 6 cinayətkar qrup zərərsizləşdirilib. Bu növ hüquqazidd əməllərə görə 20 nəfər tutulub, beynəlxalq axtarışa verilən şəxslərdən 3-ü saxlanılaraq istintaq orqanlarına təhvil verilib. Millət vəkili Fazil Mustafa deyib ki, insan alveri yoxsulluq və işsizlikdən qaynaqlanır. İnsan alverinə yol açan bu səbəblərin aradan qaldırılması üçün Azərbaycanda yetərincə iş görülmür. Onun sözlərinə görə, məcburi əməyə cəlb edilən uşaqların valideynləri qınaq obyekti olmalıdır və bununla bağlı hər televiziyada verilişlər verilə bilər. Millət vəkili, Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev məcburi əməyə cəlb edilən uşaqların valideynlərinin məsuliyyətə cəlb olunmasının təqdir edilməli olduğunu söyləyib. Millət vəkili Qənirə Paşayeva ölkə daxilində və xaricində qadının satılmasının bir fərqi olmadığını, bu əməllərlə məşğul olan insanlara eyni cəza verilməsini zəruri sayıb. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli insan alverinin tək hüquqi məsələ olmadığını vurğulayıb: "Bu, sosial problemdir. Hüquq bu məsələnin ən son həlli mərhələsidir. Yeri və beynəlxalq təşkilatlarla çox səmərəli mexanizm qurulub və bu, yaxşı haldır. Beynəlxalq təşkilatların hesabatlarına da diqqət yetiririk. ABŞ Dövlət Departamentinin 2011-ci il hesabatında Azərbaycanda 2-ci qrup nəzarət ölkələri siyahısında olub və bu, elə də yaxşı hal deyil".  Millət vəkillərinin çıxışına münasibət bildirən Vilayət Eyvazov deyib ki, vətəndaşların insan alveri sahəsində mübarizəyə dəstək verməsi müsbət nəticə ortaya qoyulmasına səbəb olub: "Ancaq məcburi əməklə bağlı məsələyə gəlincə, burada işə götürənlə işləyən arasında gizli razılaşma olur. Bu sahədə miqrasiya və digər məsələlər də var. Yoxlama keçirilən şirkətlərə bununla bağlı xəbərdarlıq edilib". Sonra millət vəkilləri gündəlikdə duran qanun lahihələrinin müzakirəsini davam etdiriblər.

Alim

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31