İş adamının qətlində təqsirləndirilənlərin məhkəmə istintaqı tamamlanıb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində iş adamını qətlə yetirməkdə təqsirləndirilən Nurəddin Xəlilov, Müşfiq Mikayılov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. APA-nın məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının tamamlanması barədə qərar qəbul edilib. Dövlət ittihamçısı çıxışa hazır olmadığı üçün məhkəmə iyunun 6-na təyin edilib. Həmin gün prokuror çıxış edəcək. İttihama əsasən, 2014-cü il noyabrın 24-də Qəbələ şəhər sakini olan iş adamı Vahid Vahabovun yaşadığı evdə meyiti tapılıb. Müəyyən edilib ki, Vahid Vahabovun qonşusu Coşqun Kərimbəyli onun imkanlı şəxs olduğu barədə yaxın dostları, radikal ekstremist yönümlü dini təriqət üzvləri olan əvvəllər məhkum edilən Nurəddin Xəlilov, Müşfıq Mikayılov, Rəşad Həşimli və Əhməd Kərimova məlumat verib. Onlar külli miqdarda pul və qızıl-zinət əşyalarını ələ keçirmək məqsədilə Vahid Vahabovun evinə basqın edib, odlu silahla onu öldürüb, həyat yoldaşına müxtəlif dərəcəli xəsarətlər yetiriblər. İstintaq hərəkətləri nəticəsində dəstə üzvlərinin daha bir neçə şəxsin evinə quldurluq yolu ilə basqın etdikləri də məlum olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31