Sərxoş baş müstəntiq polisləri döydü
Baş müstəntiq xidmətdən xaric edilib
14 May 2012 16:23 KriminalHəftə sonu Gəncə şəhərində prokurorluq əməkdaşı ilə polislər arasında insident olub. Hüquq-mühafizə orqanlarından Lent.az-a verilən məlumata görə, Gəncə şəhər Prokurorluğunun böyük müstəntiqi Fuad İsrafilov şəxsi avtomobilini sərxoş vəziyyətdə idarə edərkən yol polisi əməkdaşları tərəfindən saxlanılıb. Bu zaman F.İsrafilov yol polisi əməkdaşlarına etiraz edib və onların arasında mübahisə olub. Mübahisə əlbəyaxa ilə nəticələnib və yol polisi nəfərlərindən biri xəsarət alıb. Daha sonra işə Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları da qarışıb. Lakin F.İsrafilovu sakitləşdirmək yenə də mümkün olmayıb. Məsələ ilə əlaqədar Baş Prokurorluğun müvafiq idarəsi tərəfindən araşdırma başlanılıb. Baş Prokurorluğun mətbuat xidmətindən faktı Lent.az-a təsdiqləyiblər. Qurumdan bildirilib ki, F.İsrafilov xidmətdən xaric olunub.