Onlayn qumar oyunları şüuraltına təsir edir?- ARAŞDIRMA
12 May 2016 19:13 KriminalMüasir dünyada kompüter oyunları bir çox insanların, xüsusilə də cavanların alternativ vaxt keçirmə üsuluna çevrilib.
Bu gün oyun istehsalçıları milyonlarla oyun nüsxələrini disk və internet vasitəsilə satmaqdan başqa, onların onlayn formalarını da "hörümçək toru" vasitəsi ilə bütün dünyaya yayırlar. Məhz bu biznesdə istehsalçılar milyonlarla dollar pul qazanır. Hətta elə oyunlar var ki, onların büdcəsi kiçik Afrika ölkəsini ehtiva etməyə də kifayət edər.
İlk baxışdan "pulsuz" görünən bu oyunlarda oyunçu müxtəlif xüsusiyyətlər, məhsul, və ya bonus əldə etmək üçün oyunun hesabına kiçik hissələrlə pul köçürür. Bundan başqa, bir çox oyunun öz şəxsi valyutası da olur. Oradakı pullar isə real pulların hiss olunmadan xərclənməsi nəticəsində yaranır. Ən pisi isə odur ki, virtual oyuna pul xərcləmək tezliklə vərdişə çevrilir.
Azərbaycanda da oxşar oyunlar bir sıra şəxslər tərəfindən oynanılır. Buna baxmayaraq, ölkədə onlayn oyunlar istehsal olunmur, onlara maliyyə yerləşdirən şəxslər və ya şirkətlər yoxdur.
"Bu oyunlar insanların şüuraltına təsir edir"
İqtisadçı ekspert Nicat Hacızadə Azadinform-a açıqlamasında bildirdi ki, bu oyunların Azərbaycan iqtisadiyyatı üçün perspektivi yoxdur. Onun sözlərinə görə, gələcəkdə onlayn oyunların yerli şəxslər tərəfindən hazırlanıb ortaya qoyulması da gözlənilmir. "Bu oyunlar maliyyə vəsaiti cəlb etsə belə, daha çox zərər verir. Onlar insanların şüuraltına təsir edir. Azərbaycanda onları ikinci dərəcəli gəlir mənbəyi kimi istifadə etmək tam doğru olmaz, çünki onların üzərində daim işləmək lazım gəlir. Bu oyunları həyata keçirməyin perspektivi yoxdur", - deyə ekspert bildirib.
"Azərbaycanda hələ bu sahədə təcrübə yoxdur".
İqtisadçı ekspert Pərviz Heydərovun sözlərinə görə isə, Azərbaycanda onlayn oyunların geniş yayınlanmasına hələ çox var: "Bu gün inkişaf etmiş ölkələrdə demək olar bütün xidmətlər, alqı-satqı əməliyyatları, o cümlədən əyləncə xarakterli işlər və sair, hamısı internet üzərindən - onlayn şəklində həyata keçirilir. Bu həm operativlik baxımından, həm də gəlirlik sarıdan əhəmiyyətlidir. Lakin məlumdur ki, bizdə ümumiyyətlə, onlayn xidmətdən çox az istifadə olunur. Təkcə, ticarəti qeyd etmək yerinə düşər. İnkişaf etmiş ölkələrdə adi mağazalardan belə məhsullar evdən onlayn qaydada sifariş edilir, ödəniş də sözügedən yolla həyata keçirilir. Odur ki, bir sıra əyləncə xarakterli oyun və sair əməliyyatların da onlarda geniş təsbitini tapması məhz bunun nəticəsi hesab edilir. Azərbaycanda isə hələ bu sahədə təcrübə yoxdur".
Ekspertin sözlərinə görə, Azərbaycanda adi uduşlu oyunların özlərinin təşkilində belə xeyli neqativ amillər və hallar mövcuddur: "Məsələn, mənim özümə hələ tam aydın deyil ki, Topaz və sair kimi oyunların vergiyə tam olaraq cəlbi artıq, reallaşmış bir məsələ sayılır, yoxsa yox. Ona görə də bizdə onlayn oyunların geniş yayımlanmasına fikrimcə, çox var. Üstəlik, ölkəmizdə vergiyə cəlb olunası fəaliyyət sahələri də az deyil".
"Həmin saytları bloklaşdırmaq və ya onların fəaliyyətini leqallaşdırmaq olar"
Azərbaycanda qadağan olunmasına baxmayaraq, qumar oyunlarının da virtual məkanda mövcudluğu heç kimə sirr deyil. Adi onlayn oyunlardan daha zərərli hesab olunan qumar oyunlarla mübarizə üçün mütəxəssislər onların yerləşdirildiyi saytları məhdudlaşdırmağı təklif edirlər. Lakin "Polisə Dəstək" İctimai Birliyinin rəhbəri Şəmsəddin Əliyevin sözlərinə görə, hazırkı qanunvericilik onların fəaliyyətini məhdudlaşdırmağa imkan vermir: "Belə oyunların qarşısını almaq üçün qabaqlayıcı tədbir kimi həmin saytları bloklaşdırmaq və ya onların fəaliyyətini leqallaşdırmaq olar. Yəni, onları vergi ödəyicisi kimi qeydiyyatdan keçirtmək mümkündür. Lakin bunun qadağan edilməsi ilə bağlı bir maddə yoxdur. Ona görə də hansısa şəkildə onların fəaliyyətini bloklaşdıra bilmərik".
Onlayn oyunların dövlət büdcəsinə mümkün xeyri məsələsinə gəldikdə isə ekspert bildirib ki, bunun daha çox zərəri ola bilər: "Əgər büdcəyə hansısa məsrəfin gəlməsi mümkündürsə, niyə də etməyək? Amma onu da nəzərə alaq ki, bunun zərəri xeyrindən daha çox ola bilər", - deyə o bildirib.
Ekspertlərin sözlərindən görünür ki, yaxın zaman ərzində Azərbaycanda yerli onlayn oyunların fəaliyyətini təmin etmək mümkün olmayacaq.
Ravid Zaidov