Əvəz Zeynallının məhkəməsi başladı

Vəkil baş redaktorun ” ev dustağı” edilməsini istəyir

Bakı Ağır Cinayətlər Məhkəməsində  rüşvət almaqda təqsirləndirilən, "Xural" qəzetinin həbsdə olan baş redaktoru Əvəz Zeynallının məhkəməsi başlanıb.  Bu barədə "OLAYLAR"a məhkəmədən məlumat verilib. Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə hazırlıq iclası başlanıb. Əvəz Zeynallının vəkili Elçin Sadıqov vəsatətlə çıxış edərək, müdafiə etdiyi şəxs həbs olunan zaman yayılmış ilkin açıqlamada Ə. Zeynallının təqsirləndirilən şəxs və cinayətkar kimi qələmə verildiyini bildirib.
Vəkil həmin bəyanatın cəmiyyətdə Ə. Zeynallı barəsində mənfi fikir formalaşdırdığını əsas gətirərək, bəyanatı hazırlayan şəxslərin barəsində məhkəmənin qərar çıxarmasını xahiş edib. Dövlət ittihamçısı Vüsal Orucov isə vəsatətin təmin olunmamasını istəyib və vəsadət təmin olunmayıb. Prosesdə vəkil Bakı İstintaq Təcridxanası tərəfindən Əvəz Zeynallı ilə görüşə icazə verilmədiyini bildirib və bunun üçün təcridxana rəisi Elxan Sadıqov barəsində məhkəmənin qərar çıxarılmasını xahiş edib, Ə. Zeynallı barəsində olan cinayət işinə xitam verilməsini, onun ev dustaqlığı ilə əvəz olunması barədə vəsatətlər verib. Prokuror vəsatətlərə münasibət bildirmək üçün vaxt istəyib. Prokurorun vəsadəti təmin edilib və hazırlıq iclasının növbəti prosesi  mayın 18-ə təyin edilib. Qeyd edək ki, Ə. Zeynallı ötən il oktyabrın 28-də Cinayət Məcəlləsinin 311.3.3 və 311.3.4-cü maddələri ilə təqsirli bilinərək həbs edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31