Sumqayıtda valyutadəyişmə məntəqəsinin sahibini öldürənlər ittihamları rədd edir
11 May 2012 19:48 KriminalBakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə Sumqayıtdakı valyuta dəyişmə məntəqəsinin sahibi İlyas Vahabovu qətlə yetirməkdə təqsirləndirilərək həbs olunan Anar Əbilov və Vaqif Səlimbəylinin işi üzrə məhkəmə prosesi başlayıb. Bu barədə "OLAYLAR"a məhkəmədən məlumat verilib. Prosesdə iş üzrə ittiham elan edilib və təqsirləndirilən şəxslər ifadə verib. Təqsirləndirilən şəxs Anar Əbilov ifadəsində özünün günahsız olduğunu bildirib. Anar Əbilov qətldən xəbərsiz olduğunu və hadisədə iştirak etmədiyini deyib. Prosesdə ifadə verən digər təqsirləndirilən Vaqif Səlimbəyli isə özünü hadisədə qismən günahkar bilib. İş üzrə növbəti məhkəmə prosesi mayın 18-ə təyin olunub.
Qeyd edək ki, Sumqayıt şəhər sakini, valyuta dəyişmə məntəqəsinin sahibi İlyas Vahabov yaşadığı evin qarşısında qətlə yetirilmişdi. Milli Təhlükəsizlik Nazirliyi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində adıçəkilən şəxslər işdə təqsirli bilinərək həbs edilib.