Yeznəsini güllələyən şəxs məhkəmə kürsüsünə çıxarıldı
11 May 2012 19:42 KriminalBakı Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Tamella Nəsrullayevanın sədrliyi ilə Bakıda yeznəsini güllələyən paytaxt sakini İsmayıl Hümbətovun işi üzrə məhkəmə prosesi keçirilib. Bu barədə "OLAYLAR"a məhkəmədən məlumat verilib. Prosesdə ittiham aktı elan edilib və təqsirləndirilən şəxs ifadə verib. İsmayıl Hümbətov ittihamlarla qismən razılaşıb və yeznəsini aralarında baş verən münaqişə zəminində güllələdiyini deyib. İş üzrə növbəti məhkəmə prosesi mayın 16-a təyin edilib. Qeyd edək ki, hadisə bu il fevralın 7-də Bakıda baş verib. Xətai rayon NZS qəsəbəsi, Mingəçevir küçəsi 4 ünvanında 1958-ci il təvəllüdlü Hümbətov İsmayıl İmran oğlu öz yeznəsi, 1971-ci ildə anadan olmuş Əliyev Müqabil Qədim oğlunu güllələyib. O, ov tüfəngi ilə yaxın qohumunun döş qəfəsinə atəş açıb. M.Əliyev təcili olaraq, yaxınları tərəfindən Mərkəzi Neftçilər Xəstəxanasına çatdırılıb. Həkimlər yaralının üzərində cərrahiyyə əməliyyatı keçirib və onun həyatını xilas edib.