Bakı Beynəlxalq Hava Limanında alıcılar qarət olunur
29 Oktyabr 2012 12:30 KriminalBakı Beynəlxalq Hava Limanında alıcılar açıq-aşkar aldadılaraq qarət edilir. Bu barədə "OLAYLAR"a hava limanında bu cür fırıldağın qurbanı olan vətəndaş müraciət edib. Zərərçəkmişin sözlərinə görə, hava limanındakı mağazalar şəbəkəsində bu hadisələr adi hala çevrilib. Buradan alış-veriş edən vətəndaşlar açıq-aşkar aldadılır və pulları əlindən alınır: "Bu hadisə mənim də başıma gəlib. Aeroportda "AZAL"a məxsus "Beaitiful" mağazalar şəbəkəsindən alış-veriş etdim. Aldığım malların pulunu ödəmək üçün satıcıya pul kartımı təqdim etdim. Satıcı kartı alıb yoxladı və bildirdi ki, guya mənim kartım işləmir və lazım olan məbləği kartdan çıxarmaq mümkün deyil. Satıcı məndən malların pulunu nəğd ödəməyimi tələb etdi və həmin pulu ödədim. Kartımı alandan sonra isə məlum oldu ki, mənim aldığım mallara görə ödəyəcəyim məbləğ kartımdan da çıxarılıb. Amma, bunu sübut edə bilmədim". Zərərçəkmiş bildirir ki, bu cür hallar həmin mağazalar şəbəkəsində tez-tez təkrarlanır. Gün ərzində onlarla satıcı bu cür aldadılaraq qarət olunur. Amma, "AZAL" rəhbərliyi buna fikir vermir. Alıcıların dəfələrlə şikayətinə baxmayaraq qurum rəhbərliyi bu şikayətlərin heç birini araşdırmır.