Bakıdakı güclü yanğınla bağlı rəsmi açıqlama
17 Mart 2016 09:38 KriminalFövqəladə Hallar Nazirliyi (FHN) Bakıda baş vermiş yanğınla bağlı məlumat yayıb.
ANS PRESS-in məluamtına görə, nazirliyin mətbuat xidməti bildirir ki, Bakının Yasamal rayonunda ikimərtəbəli taxta konstruksiyalardan ibarət ümumi sahəsi 600 kv.m olan (hər mərtəbəsi 300 kv.m ) binanın 1-ci mərtəbəsində ümumi sahəsi 30 kv.m olan 2 otaqlı mənzilin dəhlizinin tavanı 10 kv.m sahədə, 2-ci mərtəbədə vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan mənzilin yanar konstruksiyaları və ev əşyaları, ona bitişik digər vətəndaşa məxsus ümumi sahəsi 30 kv.m olan 2 otaqlı mənzilin dəhlizinin tavanı 10 kv.m sahədə yanıb, 1 otaqda kondisioner və televizor ərimiş, otağın tavanı 10 kv.m sahədə qarsalanıb.
Hadisə nəticəsində bir nəfər yanıq xəsarəti alıb və iki nəfər tüstüdən zəhərlənib. Yanğının kəşfiyyatı zamanı 1941-ci il təvəllüdlü Quliyeva Səriyyə Kərim qızının yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkarlanıb. Digər mənzillər yanğından mühafizə olunub. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. Alov saat 19:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
__________________________________________________________________________________________
Yanğında ölən və yaralananların adları bilindi
Bakının Yasamal rayonu ərazisində baş vermiş yanğın nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb.
Nəriman Nərimanov küçəsindəki beş otaqlı evdə baş vermiş yanğın zamanı ev sakini, 1936-cı il təvəllüdlü Quliyeva Səriyyə Kərim qızı tüstüdən boğularaq ölüb.
Onun gözlərinin görmədiyi bildirilir. S. Quliyevanın həyat yoldaşı Balağa Quliyev və oğlu, Hacıağa Quliyev yanıq xəsarətləri alıblar.
Yaralılar Respublika Yanıq Mərkəzinə yerləşdiriliblər.
Yanğın baş vermiş əraziyə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb edilib. Yanğın söndürülüb. / APA
____________________________________________________________________________________________
Bakının mərkəzində yanğın: ölənlər var
Keçmiş Sovetski küçəsinin ərazisində - M.Aliev küçəsi boyu yerləşən həyət evlərindən biri yanır. ANS PRESS-in haqqın.az-a istinadən verdiyi məlumata görə, hadisə nəticəsində ölənlər var.
Yanğın zamanı zərərçəkən və həlak olanların sayı barədə hələlik dəqiq məlumat yoxdur.
Yanğının söndürülməsi üçün hadisə yerinə FHN-nın bir neçə yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib. Hadisə yerinə həmçinin polis əməkdaşları gəliblər.
İlkin informasiyaya əsasən, yanğına qazla ehtiyatsız davranma səbəb olub. Bu gün profilaktik işlərlə əlaqədar "Azəriqaz" İB Bakının bəzi yerlərinə təbii qaz verilişini dayandırmışdı. Yanğının baş verdiyi evdə qaz plitəsinin açarları açıq qalıbmış. Evlərə qaz verilişi bərpa olunarkən yanğın baş verib.