Bakıda 70 yaşlı qadın köməksiz vəziyyətdə öldü
22 Oktyabr 2012 16:13 KriminalBakıda 70 yaşlı qadın bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb ölüb. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. "OLAYLAR" nazirliyin saytına istinadən yaydığı məlumatda bildirilir ki, nazirliyin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda 1942-ci il təvəllüdlü qadın mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə qonşu mənzilin eyvanından qalxaraq daxil olub. Mənzilə baxış keçirilərkən vətəndaş hərəkətsiz vəziyyətdə aşkarlanıb. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə nəticəsində məlum olub ki, Gülsüm Ağanəcəf qızı Əzizova vəfat edib. Qeyd olunan şəxsin cəsədi xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 14:51-də başa çatıb.