Azərbaycan-Gürcüstan sərhədində silah səsləri eşidildi
Qaçaqmal gətirən şəxs "Kamaz"ı yüksək sürətlə hərbçilərimizin üstünə sürüb
15 Fevral 2016 18:24 KriminalDövlət Sərhəd Xidməti Gürcüstandan Azərbaycana külli miqdarda dərman gətirilməsinin qarşısını alıb. Xidmətin mətbuat mərkəzindən ANS PRESS-ə verilən məlumata görə, Qazax rayonunun Babakər yüksəkliyi istiqamətində yerləşən sərhəd zastavasının xidməti sahəsindən Gürcüstandan Azərbaycan Respublikasına qaçaqmalın keçirilməsi barədə daxil olmuş məlumat əsasında ehtimal olunan ərazidə axtarış tədbirləri həyata keçirilib.
Bu tədbirlər nəticəsində saat 03:00 radələrində dövlət sərhəd xəttinin yaxınlığında dövlət nömrə nişanı 35 BH 057 olan "Kamaz" markalı nəqliyyat vasitəsinə 5-6 nəfər tərəfindən iri buynuzlu mal-qaranın və müxtəlif ölçülü bağlamaların yüklənməsi aşkar edilib.
"Kamaz" markalı nəqliyyat vasitəsinin sürücüsü sərhədçilərin havaya xəbərdarlıq atəşinə məhəl qoymayıb. Avtomobili yüksək sürətlə hərbi qulluqçuların üzərinə sürərək onların həyat və sağlamlığı üçün ciddi təhlükə yaradıb və hadisə yerindən uzaqlaşmağa çalışıb.
Sərhədçilər tərəfindən məlumatlandırılmış DYP əməkdaşlarının saxlama tələbinə tabe olmayan nəqliyyat vasitəsinin sürücüsü qurulmuş maneəni vurub keçib. Avtomobilin yük yerindəki qaçaqmalı yerə salaraq onu təqib edənlər üçün maneə yaratmaqla qaçmağa cəhd göstərib.
Əməliyyat-axtarış tədbirləri nəticəsində 6 baş at, 30 baş buzov və 12 bağlamada 90 adda 44 374 ədəd müxtəlif dərman preparatlarından ibarət qaçaqmal aşkar edilib.
Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.