“KredAqro”nun Şəki filialının rəhbərliyi barədə cinayət işi başlandı

Baş Prokurorluq "KredAqro" bank olmayan kredit təşkilatının Şəki filialının vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə cinayət işi başlayıb. Bu barədə "OLAYLAR"a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat veriblər. Məlumatda bildirilir ki, "KredAqro" bank olmayan kredit təşkilatının Şəki filialının vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə daxil olmuş materiallar araşdırılıb. Müəyyən edilib ki, filialın sabiq müdiri Nəsimi Əliyev və filialın bəzi əməkdaşları tərəfindən 2010-cu ilin yanvar ayından 2012-ci ilin aprel ayınadək olan dövr ərzində ciddi qanun pozuntularına yol verilərək ayrı-ayrı vətəndaşların adlarına saxta sənədlər əsasında qanunsuz olaraq kreditlər verilib. "KredAqro" bank olmayan kredit təşkilatının Şəki filialının vəzifəli şəxsləri barəsində Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31