Bakıda bank filialına hücum olub
Mühafizə polisi şübhəli şəxsi iş başında yaxalayıb
12 Fevral 2016 07:22 KriminalGecə Bakıda banklardan birini qarət etməyə cəhd edilib. ANS PRESS-in məlumatına görə, hadisə Binəqədi rayonu Şövkət Məmmədova 10 ünvanında baş verib.
Orta yaşlı şübhəli şəxs pəncərədən həmin ünvanda yerləşən bank filialına daxil olub. Təhlükəsizlik siqnalının işə düşməsi ilə hadisə yerinə dərhal mühafizə polisləri gedib.
Bankdan baş mühafizə idarəsinin Binəqədi rayon mühafizə idarəsinə daxil olan məlumatı yoxlamaq məqsədi ilə əraziyə gələn polislər onu elə iş başında yaxalayıblar.
Saxlanılan şəxs dindirilmək üçün ərazi üzrə 5-ci polis bölməsinə aparılıb.
ANS əməkdaşları şübhəli şəxsin kimliyi ilə bağlı məlumat öyrənməyə çalışsa da, bölmə əməkdaşları istintaq sirri olduğunu deyərək onun adını açıqlamayıblar.
Aparılacaq araşdırmalar zamanı bank filialina dəymiş maddi ziyanın həcminə və cinayəti törətməyə cəhd edən şəxsin ortaqlarının olub olmamasına da aydınlıq gətiriləcək.
Faktla bağlı araşdırmalar davam edir