Bakıda 39 yaşlı qadının qətli ilə bağlı rəsmi məlumat yayılıb

Bakı şəhər Baş Polis İdarəsi və şəhər Prokurorluğu paytaxtda 39 yaşlı qadının qətli ilə bağlı birgə məlumat yayıb. Şəhər Prokurorluğundan verilən məlumatda qeyd olunur ki, paytaxtın hüquq-mühafizə orqanlarının həyata keçirdiyi təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Binəqədi rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilən daha bir qətlin üstü "isti izlər"lə açılıb. Belə ki, fevralın 10-da saat 22 radələrində 1977-ci il təvəllüdlü Sədaqət Əsgərovanın Binəqədi rayonu ərazisində mənzildə üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar edilməsi faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin 1994-cü il təvəllüdlü Fərahim Qədirov tərəfindən törədilməsində əsaslı şübhələr yarandığından o, tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31