MTN və DİN BAKIDA ŞOK ƏMƏLİYYAT KEÇİRDİ
19 Oktyabr 2012 09:56 KriminalOktyabrın 18-i saat 19:45 radələrində Bakının Qaraçuxur qəsəbəsindəki "Yağmur" restoranında atışma olub. İlkin məlumatda atışmaya restoranda düşən davanın səbəb olduğu deyilirdi.
İlk dəqiqələrdə hadisə yerindən redaksiyamıza daxil olan məlumatda deyilirdi ki, restorana qara maskalılar hücum çəkib və içəridəkiləri tutub. Baş verənlərin mahiyyətini öyrənmək və əlavə bilgilər əldə etmək üçün Qaraçuxur qəsəbəsində yaşayan köşə yazarımız Tofiq Yaqubludan xahiş etdik ki, olay yerinə baş çəksin.
T.Yaqublu hadisə yerinə çatana kimi bəzi təfərrüatlar öyrənə bildik. Məlumatlı mənbənin redaksiyamıza verdiyi informasiyada bildirilirdi ki, ötən gün Nəriman adlı kriminal həbsxanadan çıxması münasibəti ilə "Yağmur" restoranında böyük ziyafət verilirmiş. Nərimanın 2-3 gün öncə türmədən buraxıldığı deyilir. Məclisdə Rusiyandan gələn kriminalların, adam oğrularının da iştirak etdiyi deyilirdi.
T.Yaqublu da hadisə şahidlərinə və başqa mənbələrə istinadən bu məlumatı təsdiqlədi. Köşə yazarımız olay yerindən həmçinin başqa vacib məlumatlar da əldə edib. Həmin məlumatlarda bildirilir ki, kriminal avtoritetlərə qarşı əməliyyatı MTN və DİN birgə keçirib. Xüsusi təyinatlılar hücum etməzdən öncə içəridəkilərə təslim olmaqla bağlı əmr verib. Lakin restorandakılar bu əmrə tabe olmayıb. Bundan sonra içəri səs və tüstü qumbaraları atılıb. Hətta restoranın mətbəxinə də həmin qumbaralardan atıldığına dair iddialar var. Restoranda çalışan ofisiantların yaxınları müxbirimizə deyiblər ki, qara maskalılar restorana daxil olan zaman içəridəkilər silahlı müqavimət göstərib. Deyilənə görə, bu zaman iki nəfər öldürülüb. Öldürülənlərin restoranda tədbir keçirən kriminallardan olduğu söylənir.
T.Yaqublu hadisə yerində onu da eşidib ki, MTN və polis əməkdaşlarına atəş açan Robert adlı kriminal (bəzi mənbələrin iddiasına görə o, həmin məclisdə iştirak etmək üçün Rusiyadan gəlib. Bəzi qaynaqlar isə onun "Əhmədli Robert" kimi tanındığını söyləyir - red.) avtomat silahla xüsusi təyinatlılara qarşılıq verib. Şahidlər T.Yaqubluya deyiblər ki, Robert atışa-atışa restoranın pəncərəsindən düşüb qaçıb.
Başqa bir şahid T.Yaqubluya deyib ki, atışma zamanı restorandan iki nəfər çıxıb. Onlardan biri yaxınlıqdakı "Maşallah" marketə tərəf qaçarkən arxadan odlu silahdan açılan atəşlə yaralanıb. Şahidlər deyir ki, buna baxmayaraq yaralı qaçmağa davam edib. Onun yoldaşı isə restoranın arxa tərəfində gizlənib. Onu polislər yaxalayıb. Hadisədən az sonra "Yağmur" restoranına gedən yollar bağlanıb.
T.Yaqublu bildirdi ki, kriminal aləmin nümayəndələri sözügedən restorana çox bahalı maşınlarla gəlib. Polis onların maşınların nömrələrini çıxarıb. Köşə yazarımız hadisə yerində polislərdən qeyri-rəsmi şəkildə öyrənib ki, əməliyyat zamanı 30-dan artıq kriminal avtoritet saxlanıb.
İlkin məlumatlarda restorandakı atışma zamanı 2 ofisiantın öldürüldüyü deyilirdi. Lakin sonradan bu xəbər təkzib olundu. Öldürülənlərin kriminal qruplaşma üzvlərinin olduğu bildirildi.
***
Nəriman adlı kriminalla bağlı bəzi məlumatlar əldə etmişik. Bu haqda redaksiyamızı bilgiləndirən məlumatlı mənbənin qeydləri: "2000-ci ilin əvvəlində Rusiyada bir dəstə Fransa səfirinin müavinini oğurlamışdı. O cinayətkar dəstənin arasında azərbaycanlılar da vardı, o cümlədən Nəriman. Onları Rusiyada həbs edib, sonra mühakimə etdilər". Mənbəmiz bildirdi ki, Nəriman cəzasını Rusiya həbsxanasında çəkib. 2008-ci ildə Azərbaycana
ekstradisiya olunub. 1 saylı cəzaçəkmə müəssisəsində
yatıb. Sonra 1-saylı türmədən 15 saylı ağır rejimli həbsxanaya keçirilib. 2-3 gün bundan qabaq azadlığa buraxılıb .Qaynağımız bildirdi ki, Nəriman avtoritet olmayıb:"Avtoritetlər adam oğrularını qəbul etmirlər".
Qaraçuxurda keçirilən əməliyyatı Suraxanı Rayon Polis İdarəsindən təsdiqləyiblər.
Deyilənə görə, "Yağmur" restoranı əslən Cəbrayıl rayonundan olan Rauf adlı iş adamına məxsusdur. Onun Qaraçuxur qəsəbəsində "Rauf" adlı şadlıq evi də var. Məlumatlara görə, "Yağmur"un sahibi Rauf da həbs olunub. Onun kriminal aləmlə əlaqələrinin olub-olmadığı araşdırılır.
Sonda aldığımız məlumata görə, əməliyyatın keçirilməsinə səbəb Nərimanın ziyafətində iştirak edən Rusiyadan, Gürcüstandan gəlmiş kriminallar İnterpol xətti ilə axtarışda olublar. Maraqlıdır ki, onlar Azərbaycana gələrkən sərhəddi necə keçiblər. Növbəti sayımızda bu olayla bağlı daha ətraflı bilgi verməyə çalışacağıq. müsavat.com