Kriminal avtoritetlər Bakıdakı şadlıq sarayına niyə toplaşmışdılar
Onlar Nəriman adlı şəxsin həbsdən azad olunmasını qeyd edirlərmiş
19 Oktyabr 2012 07:45 KriminalOktyabrın 18-i saat 19:45 radələrində Bakının Qaraçuxur qəsəbəsindəki "Yağmur" restoranında atışma olub. İlkin məlumatda atışmaya restoranda düşən davanın səbəb olduğu deyilirdi."Yeni Müsavat"ın məlumatına görə, Nəriman adlı kriminalın həbsxanadan çıxması münasibəti ilə "Yağmur" restoranında böyük ziyafət verilirmiş. Nərimanın 2-3 gün öncə həbsdən buraxıldığı deyilir. Məclisdə Rusiyandan gələn kriminalların, adam oğrularının da iştirak etdiyi bildirilir.Kriminal avtoritetlərə qarşı əməliyyatı MTN və DİN birgə keçirib. Xüsusi təyinatlılar hücum etməzdən öncə içəridəkilərə təslim olmaqla bağlı əmr verib. Lakin restorandakılar bu əmrə tabe olmayıb. Bundan sonra içəri səs və tüstü qumbaraları atılıb. Restoranda çalışan ofisiantların yaxınları deyiblər ki, qara maskalılar restorana daxil olan zaman içəridəkilər silahlı müqavimət göstərib. Deyilənə görə, bu zaman iki nəfər öldürülüb. Öldürülənlərin restoranda tədbir keçirən kriminallardan olduğu söylənir.Bəzi məlumatlara görə, MTN və polis əməkdaşlarına atəş açan Robert adlı kriminal (bəzi mənbələrin iddiasına görə o, həmin məclisdə iştirak etmək üçün Rusiyadan gəlib. Bəzi qaynaqlar isə onun "Əhmədli Robert" kimi tanındığını söyləyir - red.) avtomat silahla xüsusi təyinatlılara qarşılıq verib. Robert atışa-atışa restoranın pəncərəsindən qaçıb.Atışma zamanı restorandan iki nəfər çıxıb. Onlardan biri yaxınlıqdakı "Maşallah" marketə tərəf qaçarkən arxadan odlu silahdan açılan atəşlə yaralanıb. Şahidlər deyir ki, buna baxmayaraq yaralı qaçmağa davam edib. Onun yoldaşı isə restoranın arxa tərəfində gizlənib. Onu polislər yaxalayıb. Hadisədən az sonra "Yağmur" restoranına gedən yollar bağlanıb.Kriminal aləmin nümayəndələri sözügedən restorana çox bahalı maşınlarla gəlib. Polis onların maşınların nömrələrini çıxarıb.