Bakıda övladlarını dərsə yola salan qadın özünü asdı

Bakıda intihar baş verib. 39 yaşlı qadın özünü asıb. Hüquq-mühafizə orqanlarından ANS PRESS-ə verilən məlumata görə, hadisə Xəzər rayonunun Binə qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini 1977-ci il təvəllüdlü Aynur Cəfər qızı Xancanova özünü yaşadığı evin həyətindəki yardımçı tikilidən asaraq intihar edib.

Məlumata görə, hadisə vaxtı evdə Aynur Xancanovadan başqa heç kim olmayıb. Belə ki, canına qəsd edən qadının iki övladı məktəbdə dərsdə, əri isə işdə olub.
39 yaşlı qadının intihar etməsinə səbəb olaraq onun ailəsinin böyük miqdarda borcu olması göstərilir.

Faktla Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Paytaxtda sonuncu intihar ötən gün baş verib. Sabunçu qəsəbəsində qeydiyyatda olan Gürcüstan vətəndaşı 1967-cı il təvəllüdlü İsfəndiyar Ənyar oğlu Həsənov özünü yaşadığı evin çardağında asıb. Asılmış meyiti çardaqda mərhumun ailə üzvü aşkar edib.

Bu gün isə Ağcabədi rayonunda intihara cəhd baş verib. Şəhər sakini, 1964-cü il təvəllüdlü Zərnişan Şəfayət qızı Ələkbərova yaşadığı evin həyətində üzərinə yanacaq tökərək yandırıb.

Ağır yanıq xəsarətləri alan qadın dərhal rayon xəstəxanasına çatdırılıb. Xəstəxanada ilkin tibbi yardım göstərilən qadın vəziyyəti ağır olduğu üçün dərhal Bakıdakı Respublika Yanıq Mərkəzinə aparılıb.

52 yaşlı qadının özünü yandırmasına ilkin ehtimal olaraq onun ailə üzvlərinin külli miqdarda borcu olduğu göstərilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31