Qətldə ittiham olunan radikal dindarların məhkəməsi başladı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 18 nəfərdən ibarət radikal dini dəstənin cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Dəstə üzvləri iş adamının qətlində də ittiham olunurlar.

Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Zeynal Ağayev sədrlik edib. Prosesdə təqsirləndirilən Nurəddin Xəlilovun vəkili vəsatət verərək, müdafiə etdiyi şəxsin ağır xəstəliklərdən əziyyət çəkdiyini və məcburi müayinə edilməsi ilə bağlı qərar çıxarılmasını istəyib. N.Xəlilov isə vəkilin vəsatətini müdafiə etməyib. Bildirib ki, bu məhkəmə onun inanclarına ziddir: "Siz məni mühakimə edə bilməzsiniz, buna haqqınız yoxdu. Məni Allah mühakimə edəcək".

Vəkilin vəsatəti baxılmamış saxlanılıb.

Daha sonra dövlət ittihamçısı ittiham aktını elan edib. Təqsirləndirilən şəxslər heç biri özünü təqsirli bilməyib. Onlar "Biz sizin qanunlarınızı qəbul etmirik. Vaxt gələr ki, biz sizə hökm oxuyarıq. Sizə bizi mühakimə etmək hüququnu kim verib? Sizin haqqınız yoxdur. Bizə Allahdan böyük varlıq yoxdur, biz sizi tanımırıq. Əbədi cəhənnəm var, bu nədir ki. Ömürlük, 20 il nədir ki. Allah istərsə, biz burdan çıxarıq. Siz kafirlər bizə heç nə edə bilməzsiniz" kimi ifadələr işlədiblər.

Təqsirləndirilənlərin əksəriyyəti ifadə verməkdən imtina ediblər.

Təqsirləndirilən İlqar Musayev ifadəsində ona elan olunmuş ittihamlarla razılaşmadığını, təqsirsiz olduğunu, ona verilən ittihamların birbaşa ssenari şəkilində MTN-də yazıldığını bildirib: "İşgəncələrə məruz qalmışam. Özləri nə istəyiblər, yazıblar. Anamın gözü qabağımda silahı evə qoyublar. Məni terrorçu, quldur adı ilə tutublar. Az keçmədi, onların quldur olduğu ortaya çıxdı. Necə olur ki, mənə terrorçu dedilər, özləri indi mənimlə birlikdə Kürdəxanıda yatırlar".

Təqsirləndirilən Anar Rzayev də ifadəsində heç bir günahı olmadığını, bu şəxsləri tanımadığını qeyd edib.

Təqsirləndirilənlərdən Pərviz Şixalıyev isə yerindən replika ataraq hakimlərdən, prokurordan Allaha şikayət etdiyini deyib.

Daha sonra qətlə yetirilən Vahid Vahabovun oğlu, hüquqi nümayəndəsi Rəşad Vahabov ifadə verib. O, çıxış zamanı cinayətkarların evə girərək, atasını öldürdüyünü, anasını da yaraladıqlarını  deyib. T.Vahabov təqsirləndirilən şəxslərə ən ağır cəzanın verilməsini istəyib.

Məhkəmə prosesi fevralın 8-də davam edəcək.

DİN-in məlumatına görə, 24 noyabr 2014-cü ildə Qəbələ şəhər sakini Vahid Vahabovun yaşadığı evdə odlu silahla qətlə yetirilmiş meyiti tapılıb və faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.

Araşdırmalar zamanı müəyyən edilib ki, Vahid Vahabovun qonşusu Coşqun Kərimbəyli onun zəngin adam olması barədə yaxın dostları, radikal ekstremist yönümlü dini təriqət üzvləri olan, əvvəllər məhkum edilən Nurəddin Xəlilova, Müşfıq Mikayılova, Rəşad Həşimliyə və Əhməd Kərimova məlumat verib. Onlar Vahid Vahabovun yaşadığı evə basqın edərək külli miqdarda pul və qızıl-zinət əşyaları ələ keçirmək barədə qabaqcadan razılığa gəliblər.

Qeyd olunan tarixdə dəstə üzvləri oğurladıqları avtomobillə Qəbələ şəhərinə gedərək, təxminən səhər saat 4 radələrində üzlərinə maska taxaraq, quldurcasına Vahid Vahabovun yaşadığı mənzilə soxularaq, odlu silahla onu öldürüb, həyat yoldaşına müxtəlif dərəcəli xəsarətlər yetiriblər.

Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətkar dəstənin üzvləri Nurəddin Xəlilov, Müşfıq Mikayılov, Zaur Əliyev və Pərviz Şıxəliyev həbs olunublar. Saxlanılarkən onlardan və axtarış zamanı yaşadıqları mənzillərdən 4 qumbara, "Vinçester" markalı tüfəng, "Revolver" tipli tapança, 40-dan çox müxtəlif çaplı patron, 25 qr heroin, qanunla yayılması qadağan edilmiş 21 ədəd dini ədəbiyyat, 1 internet modemi, 1 balta, 1 çapacaq, maska kimi istifadə olunan 1 idman papağı, kustar üsulla hazırlanmış dəmir borular, tapança və soyuq silah qismində istifadəsi nəzərdə tutulan digər əşyalar götürülüb.

Saxlanılan şəxslərin ətrafında həyata keçirilən əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində, dəstə üzvlərinin 18 mart 2014-cü ildə və 18 iyul 2014-cü ildə Bakı şəhər sakinləri Gündüz Cəfərovun və Məcnun Dünyamalıyevin evlərinə quldurluq yolu ilə basqın edərək, ümumilikdə 6400 manat pul, xeyli miqdarda qızıl-zinət və məişət əşyaları aparmaları, avqustun 18-də Xəyal Əhmədova və Hilal Bicanova bıçaqla ağır xəsarət yetirmələri, yanvarın 31-də və fevralın 14-də Sumqayıt şəhər sakinləri Bayram Əliyevə və Tahir Cəbrayılzadəyə məxsus "VAZ-2106" markalı avtomobilləri qaçırmaları, fevralın 16-da isə Ağdaş şəhərində yaşayan Niyazi Əzizovun mənzilindən qızıl, geyim və məişət əşyaları, habelə 1 ov tüfəngi oğurlamaları müəyyən edilib.

Araşdırmalar zamanı dəstə üzvlərinin şəxsiyyətlərini təsdiqləyən rəsmi sənədləri bilərəkdən məhv etmələri də məlum olub. Mütəşəkkil dəstənin 18 üzvü həbs edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31