Sevgilisini öldürən tələbəyə hökm oxundu
27 Yanvar 2016 17:42 KriminalDaşkəsəndə sevgilisini öldürüb basdıran tələbəyə hökm oxunub. Teleqraf.com bildirir ki, Ruslan Behbudzadə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
O, Azərbaycan Dövlət Aqrar Universitetinin Aqrotexnologiya fakültəsinin 2-ci kurs tələbəsi olub. Samux sakini R.Behbudzadə 2014-cü ilin iyununda 1997-ci il təvəllüdlü Gülnarə Mirzəyeva ilə tanış olub.
Gənc cütlüyün 2015-ci ilin martına qədər münasibətləri yaxşı olub. Martda onların münasibətləri korlanmağa başlayıb. Gülnarə Ruslan Quliyev adlı başqa bir oğlanla münasibət qurub, onunla telefonla danışıb. R.Behbudzadə bu məsələni öyrənib.
Danışıq zamanı Gülnarə Ruslanla görüşməkdən imtina edib. O, qətli törətmək üçün Gülnarənin yaşadığı Samuxun Əhmədbəyli kəndindən Gəncəyə gəlməsini gözləyib. O, Gülnarənin repetitor yanına - Gəncənin H.Əliyev prospekti, 81 nömrəli binaya gəldiyini görüb.
O, keçmiş sevgilisinin saat 12 radələrində məşğələdən çıxacağını bilib. Ruslan son dəfə təklikdə danışmaq adı ilə aldadaraq qızı yaşadığı evə gətirib. Amma valideynləri artıq evdə olduğundan Ruslan onu kimsəsiz bir yerə aparmaq qərarına gəlib. O, Gülnarəni etibarnamə ilə idarə etdiyi "VAZ 21154" markalı avtomobilə mindirib və əvvəllər birlikdə gəzdikləri Daşkəsənin Xoşbulaq kəndi ərazisinə gətirib.
Ruslan kəndin girişində əl-üzlərini yumaq bəhanəsi ilə maşını saxlayıb. Bulaq başında kimsənin olmadığını görən Ruslan Gülnarəni boğub. Ruslan quyu qazaraq, onu orada basdırıb. Martın 29-da Ruslan polisə könüllü təslim olub. O, qızı Xoşbulaqda basdırdığını deyib.