Fuad Qəhrəmanlı apellyasiya şikayəti verib
27 Yanvar 2016 17:40 KriminalAzərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Fuad Qəhrəmanlı ev dustaqlığına buraxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Bu barədə report-a F.Qəhrəmanlının vəkili Nemət Ağayev deyib. Vəkil bu gün apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət etdiklərini söyləyib.
Xatırladaq ki, yanvarın 25-də Nəsimi Rayon Məhkəməsində F.Qəhrəmanlı barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatət üzrə məhkəmə iclası keçirilib. Məhkəmədə vəsatət təmin edilməyib.
Qeyd edək ki, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı dekabrın 8-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində dindirilib. Sonra İstintaq İdarəsi F.Qəhrəmanlı barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün Nəsimi Rayon Məhkəməsinə təqdimat verib. Məhkəmə qərarı ilə onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
F.Qəhrəmanlıya qarşı Cinayət Məcəlləsinin 281.1-ci (Dövlət hakimiyyəti əleyhinə çağırışlar etmə) və 283.2.1 (dini, irqi, sosial nifrət aşılayan çağırışlar etmə) maddələri ilə ittiham irəli sürülüb.