Rüfət Səfərovun işinə nə vaxt baxılacaq?
21 Yanvar 2016 11:30 KriminalBarəsində həbs qəti imkan tədbiri seçilmiş Zərdab Rayon Prokurorluğunun keçmiş müstəntiqi Rüfət Səfərovun apellyasiya şikayəti üzrə məhkəmənin vaxtı açıqlanıb. Milli.Az bildirir ki, R.Səfərovun vəkili Bəhruz Bayramov Report-a deyib ki, R.Səfərov barəsində seçilmiş həbs qəti imkan tədbirinin dəyişdirilməsi ilə bağlı apellyasiya şikayətinə yanvarın 22-də Bakı Apellyasiya Məhkəməsində baxılacaq.
Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata əsasən, Rüfət Səfərov bir müddət əvvəl "Prokurorluq haqqında" qanunun 34-cü və "Azərbaycan Respublikası Prokurorluğu işçilərinin etik davranış Kodeksi"nin 30 və 31-ci maddələrinin tələblərini kobud surətdə pozaraq prokurorluq orqanlarında prokuror və ya müstəntiq vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə görə, prokurorluq orqanlarından xaric edilib. Onun barəsində baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsiylə cinayət işi başlanıb.
Binəqədi Rayon Məhkəməsində onun barəsində 3 ay 26 gün müddətinə həbs qəti imkan tədbiri seçilib.
Xatırladaq ki, R.Səfərov Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri, sabiq deputat Eldar Sabiroğlunun oğludur.