Prokuror varlı qadınları boğub qarət edən keçmiş polislərə cəza istədi
15 Yanvar 2016 15:40 KriminalBakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə, quldurluqda, narkotik vasitələrin qanunsuz dövriyyəsində və qaçaqmalçılıqda ittiham olunan Naxçıvan şəhər sakinləri Şakir Orucov, Röyal Əhmədov, Rəşad Tağıyev və Rəhim Səttarovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Rasim Sadıqov sədrlik edib. Dövlət ittihamçısı çıxış edərək Şakir Orucova ömürlük, Röyal Əhmədova 20 il, digərlərinə isə 14 il azadlıqdan məhrumetmə cəzası verilməsini istəyib. Məhkəmə prosesi 21-də davam edəcək. Qeyd edək ki, Ş.Orucov Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Mühafizə Şöbəsinin polis nəfəri vəzifəsində işləyən zaman Röyal Əhmədovla cinayət əlaqəsinə girib. Onlar 2012-ci ildə Naxçıvan şəhəri, İstiqlal küçəsi, bina 23, mənzil 9-da yaşayan Axundova Nəsibə Nüsrət qızının imkanlı adam olmasını biliblər və onu öldürərək evini qarət etmək qərarına gəliblər. Daha sonra həmin şəxslər qadının evinə basqın ediblər və evdən 60 min manat və xeyli miqdarda qızıl oğurlayıblar. Ş.Orucov və R.Əhmədov imkanlı ailə olduqlarını güman edərək Tahirə Əhmədovanın evinə basqın ediblər və 6 min manat dəyərində qızıl oğurlayıblar. Lakin qadın evdə olmadığı üçün onu öldürə bilməyiblər. Şakir Orucov və Röyal Əhmədov cinayətkar əməllərini davam etdirmək məqsədilə Bakı şəhərinə gəliblər. Paytaxda Rəşad Tağıyev və Rəhim Səttarovla cinayət əlaqəsinə girərək bir neçə quldurluq cinayəti törədiblər. 2015-ci ilin fevralında isə Rəşad Tağıyev Raci İsgəndərovla qabaqcadan əlbir olub, İran İslam Respublikasından narkotik maddə gətirən zaman sərhəd-keçid məntəqəsində tutulublar.