Bakıda məktəb mühafizəçisi uşaqbazlıqda ittiham olundu

Bir neçə gün əvvəl Bakının 7 saylı orta məktəbində oxuyan qızlardan birinin (şagirdin adı-soyadı redaksiyaya məlumdur, ancaq məlum səbəblərdən hələlik onun adını açıqlamırıq-red.) anası Səbail Rayon Polis İdarəsinə müraciət edib.

Ana müraciətində qeyd edib ki, onun 6-cı sinif şagirdi olan qızı həftənin ikinci günü orada oxuyan balaca bacısının dalınca məktəbə gedib və onu foyedə gözləməyə başlayıb. Bu vaxt oranın mühafizəçisi yavaş-yavaş qıza yaxınlaşıb və onu özünə tərəf çəkərək öpməyə və seksual xarakterli digər hərəkətlər etməyə cəhd göstərib.

Xoşbəxtlikdən uşaq onun əlindən çıxa bilib və evdə bu barədə anasına danışıb. Anası isə dərhal polisə üz tutub.

İlkin istintaq zamanı məlum olub ki, haqqında söhbət gedən mühafizəçi M.Muxtarov məkəbin müqavilə bağladığı müstəqil mühafizə xidməti "Riad"ın əməkdaşıdır.

Məktəbin direktoru Könül Həsənova virtualaz.org-a bildirib ki, valideynlərin polisə şikayətindən sonra mühafizəçi dəyişdirilib.

Hüquq-mühafizə orqanlarından isə saytımıza bildirilib ki, artıq fakt üzrə cinayət işi qaldırılıb. Ancaq haqqında söhbət gedən mühafizəçi hələ saxlanılmayıb. O, cinayət məsuliyyətinə günahı sübut olunduğu təqdirdə cəlb olunacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31