Gənc oğlan borcunu ödəmək üçün oğurluq etdi
29 Dekabr 2015 12:56 KriminalMingəçevirdə soyğunçuluq edən gənc yaxalanıb.
Gün.Az ANS PRESS-ə istinadən xəbər verir ki, Mingəçevir şəhər sakini Elşən Məmmədov istintaqa ifadəsi zamanı əvvəlcədən oğurluq üçün girəcəyi evdə heç kimin olmayıb.
O, kustar üsulla hazırlanmış açar vasitəsilə qapının kilidini açaraq içəri daxil olub:
"Bilirdim, arxayın idim ki, evdə heç kim yoxdur. Gəldim, açdım, axtardım, tapdım. Çanta divanın arxasında idi, içində pul və qızıl var idi".
Çantanın içərisində olan 1200 dollar və 2260 manat dəyərində qızıl-zinət əşyalarını oğurlayan Elşən qapını açdığı kimi də bağlayaraq evdən çıxıb.
Müstəntiq Pərviz Hüseynovun sözlərinə görə, keçirilmiş əməliyyat istintaq tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Məmmədov Elşən Ramiz oğlu törətdiyi əməli etiraf edib.
Heç bir yerdə işləməyən Elşən Məmmədov götürdüyü pulun bir qismi ilə borclarını ödədiyini, bir hissəsini isə xərclədiyini deyir.
Oğurlanan qızıl-zinət əşyaları və qalan 300 dollar pul isə polis tərəfindən maddi sübut kimi götürülüb.
Əvvəllər məhkumluğu olmayan və törətdiyi əməldən peşman olduğunu deyən Elşən Məmmədov indi bir neçə il dəmir barmaqlıqlar arxasında qalmalı olacaq.