Xədicə İsmayıl: “Biabırçılıq olacaq...”
25 Noyabr 2015 17:58 KriminalBu gün Bakı Apelyasiya Məhkəməsində jurnalist Xədicə İsmayılın apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. Virtualaz.org saytının prosesdə iştirak edən müxbiri xəbər verir ki, hakim İlqar Murğuzovun sədrlik etdiyi prosesdə X.İsmayılın vəkilləri ona bəraət verilməsini istədilər. Vəsatət təmin olunmadı. Sonra X.İsmayıl özü ifadə verib. O, irəli sürülən ittihamları qəbul etmədi, həbsini peşə fəaliyyəti ilə bağladı. X.İsmayıl məhkəmədən ədalətli qərar gözləmədiyini bildirdi və bu iş Avropa Məhkəməsinə çıxarsa, "ölkə adına biabırçılıq olacağını" vurğuladı. Dövlət ittihamçısı Abbas Abbaslı Ağır Cinayətlər Məhkəməsinin qərarının qüvvədə saxlanılmasını istədi. Məhkəmə birinci instansiya məhkəməsinin hökmünün qüvvədə saxlanılması ilə bağlı qərar çıxardı.
Qeyd edək ki, X.İsmayıl jurnalist Tural Mustafayevin şikayəti əsasında saxlanılıb. T.Mustafayevin intihara cəhd etməsi ilə bağlı Səbayel Rayon Prokurorluğunda fakt əsasında Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb və bu ittiham üzrə 5 dekabr, 2014-cü ildə X.İsmayıl barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Sonradan X.İsmayıla qarşı Azərbaycan Baş Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və israf etmə - külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə yeni ittihamlar elan olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə X.İsmayıla qarşı 125-ci maddə üzrə verilmiş ittihama xitam verilib, digər maddələr üzrə təqsirli hesab edilərək 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan X.İsmayıl apelyasiya şikayəti verib. Şikayətdə onun barəsindəki cinayət işinə xitam verilməsi və azadlığa buraxılması tələb olunur.