Akif Çovdarovun cəlladlarından biri həbs edildi
17 Noyabr 2015 15:46 KriminalHüquq-mühafizə orqanlarının əməkdaşları general Akif Çovdarovun cəlladlarından birini, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi Səlim Məmmədovu saxlayıb. Milli.Az bildirir ki, hüquq-mühafizə orqanlarındakı rəsmi mənbələrdən virtualaz.org saytına verilən məlumata görə, Səlim Məmmədovun evində axtarış aparılıb, onun özü isə nəzarətə götürülüb. Çovdarovun ikinci cəlladına - polkovnik-leytenant Vüqar Muxtarova gəlincə isə hazırda onun da saxlanması üçün tədbirlər görülür. Oxuculardan daxil olmuş məlumata əsasən Milli Təhlükəsizlik Nazirliyinin həbs olunan keçmiş idarə rəisi, general-mayor Akif Çovdarovun ən qəddar əlaltıları polkovnik-leytenant Vüqar Muxtarov və polkovnik Səlim Məmmədov olublar. Məlumata görə, bir çox iş adamları məhz onlar tərəfindən amansız işgəncəyə və qeyri-insani rəftara məruz qoyulublar. Vüqar Muxtarov və Səlim Məmmədov Akif Çovdarovun ən etibarlı adamları olub. MTN-də kök salmış kriminal qruplaşmanın "boz kardinalı" ən mühüm işlərin dalınca məhz onları göndərib. Bildirilir ki, Muxtarov və Məmmədov iş adamlarının evlərində aparılmış qanunsuz axtarışlar zamanı qəsb olunmuş qızıl-zinət əşyalarını Gürcüstanda realizə etməklə də məşğul olublar. Virtualaz.org saytı dəqiqləşdirib ki, polkovnik Səlim Məmmədov bir neçə ay əvvəl pensiyaya çıxıb. Polkovnik-leytenant Vüqar Muxtarov isə hələ MTN-də işləyir.