FHN aldadılaraq böyrəyi alınan qadının intihara cəhdi barədə məlumat yayıb
9 Oktyabr 2012 16:22 KriminalFövqəladə Hallar Nazirliyi oktyabrın 8-də böyrəyini satdığı üçün özünü dənizə atan qadınla bağlı məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, paytaxtın Səbail rayonunda Dənizkənarı Bulvarın ərazisində 1 nəfər qadın özünü dənizə atıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Vətəndaş nazirliyin dalğıc-xilasediciləri tərəfindən xilas olunaraq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 16:34-də başa çatıb.
Qeyd edək ki, Bakı şəhər sakini 52 yaşlı Eleanora Cəbrayılova xilas ediləndən sonra verdiyi ifadəsində bildirib ki, Daşkəsənin icra başçısı Əhəd Abiyevin qardaşı Sahib Abıyev tərəfindən aldadıldığı üçün intihara cəhd edib. Qadın bildirib ki, Sahib Abiyev onun bir böyrəyini 50 min manata alacağını vəd etsə də, qadının böyrəyi çıxarılandan sonra ona pul verməyib. Eleanora Cəbrayılova da buna görə intihar etmək qərarına gəlib.
Xatırladaq ki, hazırda faktla bağlı Bakı şəhər Prokurorluğunda araşdırmalar aparılır