Bakıda əzablı ölüm: yıxıldığı quyuda günlərlə can verdi
Onun axtarışlarına başlanılsa da nəticə əldə edilməyib
30 Oktyabr 2015 06:46 KriminalBakıda bir neçə gündür ki, itkin düşmüş şəxsin şəxsin meyiti tapılıb. ANS PRESS-in məlumatına görə, hadisə Nizami rayonu, Elşən Süleymanov və Bəhruz Nuriyev küçələrinin kəsişməsindəki yarımçıq tikilidə qeydə alınıb. Nizami Rayon Polis İdarəsinə tikintinin lift boşluğundan kəskin qoxunun gəlməsi ilə bağlı məlumat daxil olub. Hadisə yerinə yollanan polis əməkdaşları, liftin boşluğunda meyit aşkarlayıb. Meyiti götürmək mümkün olmadığından Fövqəladə Hallar Nazirliyinin '112' xidmətinə müraciət edilib və dərhal hadisə yerinə nazirliyinin Xüsusi Riskli Xilasetmə xidmətinin əməkdaşları yollanıb. Liftin şaxtasındakı meyit xüsusi alət və avadanlıqların köməyi ilə çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Hadisə yerinə gələn Nizami Rayon Prokurorluğunun əməkdaşları araşdırmalara başlayıb. Üzərindən aşkar olunan mobil telefon vasitəsi ilə tapılan meyitin bu ilin sentyabr ayından axtarışda olan 53 yaşlı Hadiyev Fuad Həsən oğluna məxsus olduğu dəqiqləşdirilib. O, "Qaya" Mətbuat Yayımının Marketinq şöbəsinin müdir müavini vəzifəsində çalışırmış. Sonuncu dəfə sentyabrın 19-da Nizami rayonu ərazisindəki şadlıq saraylarının birində toy məclisində iştirak edib. Məclisi tərk edəndən sonra isə yaşadığı Nəsimi rayonundakı evinə qayıtmayıb.
Yaxınları onu güman etdikləri bütün ünvanlarda axtarıb. Lakin Fuad Hadıyevi 'gördüm' deyən olmayıb. Bundan sonra onun yaxınları polisə üz tutub. Nizami Rayon Polis İdarəsinin əməkdaşlarının da axtarışları nəticə verməyib. Fuad Hadıyev itkin düşəndən 1 gün sonra yaxınları ilə əlaqə saxlaya bilib. Vəziyyətinin ağır olduğunu deyən Fuadın bundan sonra telefonu sönüb. Yerini, harada olduğunu öyrənmək mümkün olmayıb. Ehtimal olunur ki, o, həmin lift şaxtasına sərxoş halda yıxılıb.
Faktla bağlı Nizami Rayon Prokurorluğunda istintaq araşdırmaları aparılır.