Bakıda “vəhhabi”lərə qarşı xüsusi əməliyat keçirilib, saxlanılanlar arasında Qamət Süleymanovun müavini də var
23 Oktyabr 2015 14:37 KriminalÖtən gecə Bakının Yasamal rayonunda xüsusi xidmət orqanlarının əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində radikal islamçılarla bağlı olmaqda şübhəli bilinən 42 nəfər saxlanılıb. Bu barədə virtualaz.org saytına Yasamal Rayon Polis İdarəsindən bildiriblər. Bildirilir ki, MTN tərəfindən saxlanılan radikallar daha sonra polisə təhvil veriliblər. Məlum olub ki, xüsusi xidmət əməkdaşları M.Seydiov küçəsi, 13 ünvanında yerləşən və Fərzəliyev adlı birinə məxsus olan "Farklı Lahmacun" adlı kafe-çayxanaya basqın ediblər. Həmin vaxt kafedə 40-dan çox adam olub və onlar dini xarakterli tədbir keçirirmişlər. Toplaşanlar arasında yetkinlik yaşına çatmayan iki şəxs də olub. Saxlanılanların Yasamal Rayon Polis İdarəsinə təhvil verildikləri bildirilir. Kafedən dini xarakterli ədəbiyyat da götürülüb. Xəbər verilir ki, tutulanlardan bir neçəsinə qarşı CM-in 168.2 maddəsi üzrə cinayət işi qaldırılıb. Hələlik onlardan üçünün adı məlumdur. Bunlar Zaqatala rayon sakinləri Adil Məmməd oğlu Rəcəbov, Kamran Eldar oğlu və Bakı sakini Zaur Əhəd oğlu Şabanovdur. Hazırda saxlanılanların Azərbaycandan xaricdə qanunsuz silahlı birləşmələrin tərkibində döyüşüb-döyüşmədikləri araşdırılır. Ehtimal edilir ki, onların Suriya və İraqda döyüşən radikallarla əlaqələri var. Saxlanılanların arasında "Əbu Bəkr" məscidinin imamı Qamət Süleymanovun müavini Adil Rəcəbov da var.