Hərbçiləri qəzaya salan şəxs 4 il cəza aldı

Cəlilabad Hərbi Məhkəməsində 1 hərbiçinin ölümündə, 2 hərbiçinin yaralanmasında təqsirli bilinən Ehtiram Həsənovun cinayət işi üzrə məhkəmə başa çatıb. "OLAYLAR"ın məlumatına görə, hakim Mürsəl Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Ehtiram Həsənov 4 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasının məntəqə tipli cəza çəkmə müəssisində çəkməsi qərara alınıb. İttihama görə, bu ilin fevralın 27-də Bakı-Qazax-Gürcüstan sərhədi yolunun 137-ci kilometrliyində, Hacıqabul rayonu ərazisində Akif Zeynalovun idarə etdiyi "Daewoo" markalı sərnişin avtobusu Ehtiram Həsənovun idarə etdiyi "VAZ 2107" markalı maşınla toqquşub. Nəticədə "VAZ-2107"də olan, Füzuli rayonunda yerləşən "N" saylı hərbi hissənin zabiti, baş leytenantı hadisə yerində dünyasını dəyişib. Avtomobildə olan digər hərbçilər leytenant Pərviz Əliyev və sürücü, tağım komandiri, leytenant Ehtiram Həsənov ağır xəsarət alıb. Yaralılar Şirvan şəhər Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib və vaxtında tibbi yardım göstərildiyindən həyatını xilas etmək mümkün olub. İstintaq araşdırmaları zamanı Ehtiram Həsənov yol qəzasının törədilməsində günahkar bilinib.

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31