Sabunçu polisinin rüşvətxor mayoru varmış...
8 Oktyabr 2012 18:34 KriminalBakı Apelyasiya Məhkəməsində Sabunçu Rayon Polis İdarəsinin rüşvətxorluqda təqsirləndirilən əməkdaşı Nurəddin Qəmbərovun apelyasiya şikayəti üzrə məhkəmə başlayıb. "OLAYLAR"ın məlumatına görə, hakim Əflatun Qasımovun sədrlik etdiyi kollegiyada Nurəddin Qəmbərovun apelyasiya şikayəti üzrə ilkin dinləmə keçirilib. Məhkəmə baxışı oktyabrın 12-nə təyin edilib. Xatırladaq ki, Sabunçu Rayon Polis İdarəsinin Narkotiklərlə mübarizə bölməsinin baş əməliyyat müvəkkili, polis mayoru Nurəddin Qəmbərov 1500 ABŞ dolları rüşvət alarkən saxlanılıb. İttihama görə, fevralın 11-də Bakı şəhər sakini R.Bağırova Daxili İşlər Nazirliyinə müraciət edərək qohumu H.Babayevin cinayət məsuliyyətinə cəlb olunmaması müqabilində özünü Sabunçu Rayon Polis İdarəsinin əməkdaşı kimi təqdim edən bir şəxsin ondan pul tələb etməsi barədə məlumat verib. Nazirliyin və Baş Prokurorluğun əməkdaşlarından ibarət əməliyyat qrupu tərəfindən həyata keçirilmiş tədbirlərlə Sabunçu Rayon Polis İdarəsinin Narkotiklərlə mübarizə bölməsinin baş əməliyyat müvəkkili, polis mayoru Nurəddin Qəmbərov saxlanılıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nurəddin Qəmbərov 8 il müddətinə azadlıqdan məhrum edilib. Həmin hökmdən narazı qalan Nurəddin Qəmbərov apelyasiya şikayəti verib. O, şikayətində cəzasının yüngülləşdirilməsini istəyir.