Avropa Oyunlarına gələcək turistlər üçün saxta dollar hazırladılar, amma...
20 Oktyabr 2015 07:47 KriminalDünən Bakı Ağır Cinayətlər Məhkəməsində Belçika vətəndaşları Maput Martial və Hongla Samuelin cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.
Virtualaz.org saytının prosesdə iştirak edən müxbirinin verdiyi xəbərə görə, prosesə hakim Mayıl Bayramov sədrlik edib.
Təqsirləndirilən şəxslər onlara elan olunmuş ittihamla özlərini təqsirli bilməyiblər.
Maput Martial məhkəməyə bildirib ki, evdə axtarış aparılmasına baxmayaraq saxta pul tapılmayıb, printer olmayıb.
Şahid qismində məhkəmədə əməliyyatçı Sənan Abdullayev ifadə verdi: "Bizə məlumat daxil oldu ki, iki nəfər əcnəbi saxta pul satmaqla məşğul olur. Əməliyyat keçirdik, yaşadığı evdə axtarış apardıq. Evdən ağ vərəqlər, 10 min dollar tapıldı. Azərbaycana gəlişlərinin səbəbini soruşduqda turist kimi gəldiklərini dedilər".
Xırdalanda mənzil kirayələyən əcnəbi vətəndaşlar ev sahibinə Avropa Oyunları ilə əlaqədar Azərbaycana gəldiklərini deyiblər.
Qeyd edək ki, DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının əldə etdikləri əməliyyat məlumatı əsasında Kamerunda anadan olmuş Belçika vətəndaşları Maput Martial və Hongla Samuel bu il aprel ayının 3-də 10 min saxta ABŞ dollarını 5 min ABŞ dollarına satarkən saxlanılıblar.
Onların Xırdalan şəhərindəki kirayədə yaşadıqları evdən əlavə 10 min saxta ABŞ dolları, 1 ədəd rəngli printer və müxtəlif kimyəvi maddələr aşkar edilərək götürülüb.
Araşdırmalar zamanı onların Azərbaycanda keçiriləcək Avropa Oyunları qabağı çoxsaylı əcnəbi turistlərin gələcəyini və xarici valyutanın daha çox istifadə olunacağını nəzərə alaraq saxta ABŞ dolları hazırlamaq və dövriyyəyə buraxaraq külli miqdarda gəlir əldə etmək niyyətində olduqları müəyyən edilib.
Onlara qarşı Cinayət Məcəlləsinin 204-cü (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma) maddəsi ilə ittiham irəli sürülüb.
Məhkəmə prosesi oktyabrın 28-də davam etdiriləcək.