Azərbaycanda saxta dollar satmaqda təqsirləndirilən Belçika vətəndaşlarının məhkəməsi başlayıb
19 Oktyabr 2015 19:21 KriminalBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində saxta pul satmaqda təqsirləndirilən Belçika vətəndaşları Maput Martial və Hongla Samuelin cinayət işi üzrə məhkəmə prosesi başlayıb. APA-nın məlumatına görə, prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. Məhkəmə iclasında ittihama münasibət bildirən təqsirləndirilən şəxslər özlərini təqsirli bilmədiklərini deyiblər. Məhkəmə prosesi oktyabrın 28-də davam etdiriləcək.
Qeyd edək ki, həmin şəxslər bu il aprelin 3-də tutublar. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının əldə etdikləri əməliyyat məlumatı əsasında Kamerunda anadan olmuş Belçika vətəndaşları Maput Martial və Hongla Samuel 10 min saxta ABŞ dollarını 5 min ABŞ dollarına satarkən saxlanılıblar. Onların Xırdalan şəhərindəki kirayədə yaşadıqları evdən əlavə 10 min saxta ABŞ dolları, 1 ədəd rəngli printer və müxtəlif kimyəvi maddələr aşkar edilərək götürülüb. Araşdırmalar zamanı onların Azərbaycanda keçiriləcək I Avropa Oyunları ərəfəsində çoxsaylı turistlərin gələcəyini və xarici valyutanın daha çox istifadə olunacağını nəzərə alaraq saxta ABŞ dolları hazırlamaq və dövriyyəyə buraxaraq külli miqdarda gəlir əldə etmək niyyətində olduqları müəyyən edilib.