Bakıda saxta pul satan kamerunlular: "Vicdanıma and olsun....."
19 Oktyabr 2015 19:03 KriminalBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində saxta pul satmaqda təqsirləndirilən Belçika vətəndaşları Maput Martial və Hongla Samuelin cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Lent.az-ın məlumatına görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib. Təqsirləndirilən şəxslər ittiham üzrə özlərini təqsirli bilməyib. Onlar məhkəmədə sərbəst ifadə veriblər. Təqsirləndirilən şəxslərdən Hongla Samuel ömründə bir dəfə dollar kağızı görmədiyini bildirib. "Mənim Azərbaycana, onların vətəndaşlarına hörmətim var. Sizə də böyük hörmətim var. Bunların hamısı uydurma ittihamlardır. Vicdanıma and içirəm ki, biz elə şey eləməmişik. Əgər dollar alveri ilə məşğul olsaydıq, elə oturub Belçikada bu işi edərdik". Prosesdə hal şahidləri və əməliyyatı aparan polis işçiləri ifadə veriblər. Təqsirləndirilən əcnəbilər şahidlərin və polislərin verdiyi ifadələri qəbul etməyiblər. Məhkəmə prosesi oktyabrın 28-də davam edəcək.
Qeyd edək ki, həmin şəxslər bu il aprelin 3-də tutublar. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının əldə etdikləri əməliyyat məlumatı əsasında Kamerunda anadan olmuş Belçika vətəndaşları Maput Martial və Hongla Samuel 10 min saxta ABŞ dollarını 5 min ABŞ dollarına satarkən saxlanılıblar. Onların Xırdalan şəhərindəki kirayədə yaşadıqları evdən əlavə 10 min saxta ABŞ dolları, 1 ədəd rəngli printer və müxtəlif kimyəvi maddələr aşkar edilərək götürülüb.
Araşdırmalar zamanı onların Azərbaycanda keçiriləcək Yay Avropa Oyunları qabağı çoxsaylı turistlərin gələcəyini və xarici valyutanın daha çox istifadə olunacağını nəzərə alaraq saxta ABŞ dolları hazırlamaq və dövriyyəyə buraxaraq külli miqdarda gəlir əldə etmək niyyətində olduqları müəyyən edilib.
Faktla bağlı Baş idarənin İstintaq şöbəsində cinayət işi başlanıb.