Məhkəmədə qalmaqal: "Mənim oğlumu aldadıb Suriyaya aparıb"
13 Oktyabr 2015 14:14 KriminalBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada qanunsuz silahlı birləşmələrdə döyüşməkdə təqsirləndirilən İsmayıllı rayon sakini, 1988-ci il təvəllüdlü Telman Bəkirov və Masallı rayon sakini, 1990-cı il təvəllüdlü Mübariz Tağıyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Lent.az-ın məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqın başa çatdığı bildirilib. Bu zaman məhkəmə zalında Kütai Rəsulova adlı qadın yerindən çıxış edərək bildirib ki, təqsirləndirilən Mübariz Tağıyev onun oğlu Mahmud Rəsulovu Suriya aparıb. "Mənim oğlumu aparıb. Oğlum xəstədi, başını aldadıb. İş yoldaşları təqsdiq edir ki, Mübariz onu aparıb". Təqsirləndirilən M. Tağıyev Mahmud Rəsulovla birgə getdiyini bildirib. " Mən sərhədi keçmədim, o keçdi, xəbərim yoxdu". Məhkəmədə sənədlərin tədqiqi mərhələsi elan olunub. Çıxış üçün söz dövlət ittihamçısına verilib. Ittihamçı- prokuror çıxışa hazır olmadığına görə, məhkəmədən vaxt istəyib.
Məhkəmə prosesi oktyabrın 20-də davam edəcək.
Qeyd edək ki, təqsirləndirilən şəxslər Milli Təhlükəsizliyi Nazirliyi tərəfindən saxlanılıb. Onlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratmaqda və döyüşməkdə şübhəli bilinərək saxlanılıb. Faktlarla bağlı Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi tərəfindən AR Cinayət Məcəlləsinin 12.1, 279.1-ci və 283-1.3-cü maddələri ilə cinayət işləri başlanılıb.