Bakıda it gəzdirən şəxsin qətli ilə bağlı məhkəmə təxirə salınıb
9 Oktyabr 2015 19:04 KriminalBakıda it gəzdirən şəxsi öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi təxirə salınıb. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Gürcüstan vətəndaşı, 1988-ci il təvəllüdlü Elçin Çobanovun cinayət işi üzrə növbəti məhkəmə təxirə salınıb. Lent.az-ın məlumatına görə, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə qətlə yetirilən Həsən Həsənovun anası Sevda Həsənovanın yeni vəkil tutması səbəb olub. Məhkəmənin növbəti iclası oktyabrın 16-na təyin edilib.
Qeyd edək ki, bu il yanvarın 6-da "Sahil" bağında qətl törədilib. Elçin Çobanov orada mübahisə zəminində it gəzdirən Həsən Həsənov və Orxan Məmmədzadəyə bıçaqla xəsarət yetirib. Həsən Həsənov hadisə yerində ölüb. Təqsirləndirilən şəxs bildirib ki, həyat yoldaşı Leyla Çobanovanı Nəsrəddin Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetindən gətirərkən Həsən Həsənovun gəzdirdiyi it onun yoldaşına hürməyə başlayıb. Elçin Çobanov buna görə əsəbiləşib və Həsən Həsənovdan itini kənara çəkməyi tələb edib. Oğlan bu tələbin qarşılığında itin ağzının bağlı olduğunu, qızlara xəsarət yetirə bilməyəcəyini deyib. Tərəflər arasında mübahisə yaranıb və Elçin Çobanov üzərində gəzdirdiyi bıçağı çıxararaq əvvəlcə Həsən Həsənova, sonra isə söhbətə müdaxilə edən Orxan Məmmədzadəyə zərbə endirib. Daha sonra o həyat yoldaşı ilə birlikdə hadisə yerini tərk edib.