İt gəzdirəni öldürən Gürcüstan vətəndaşı MƏHKƏMƏ QARŞISINDA
28 Sentyabr 2015 15:23 KriminalBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Gürcüstan vətəndaşı 1988-ci il təvəllüdlü Elçin Çobanovun cinayət işi üzrə məhkəmə prosesinə start verilib. Lent.az-ın məlumatına görə, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmən baxışı oktyabrın 1-ə təyin edilib.
Qeyd edək ki, bu il yanvarın 6-da "Sahil" bağında qətl törədilib. Elçin Çobanov orada mübahisə zəminində it gəzdirən Həsən Həsənov və Orxan Məmmədzadəyə bıçaqla xəsarət yetirib. Həsən Həsənov hadisə yerində ölüb.
Təqsirləndirilən şəxs bildirib ki, həyat yoldaşı Leyla Çobanovanı Nəsrəddin Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetindən gətirərkən Həsən Həsənovun gəzdirdiyi it onun yoldaşına hürməyə başlayıb. Elçin Çobanov buna görə əsəbiləşib və Həsən Həsənovdan itini kənara çəkməyi tələb edib. Oğlan bu tələbin qarşılığında itin ağzının bağlı olduğunu, qızlara xəsarət yetirə bilməyəcəyini deyib. Tərəflər arasında mübahisə yaranıb və Elçin Çobanov üzərində gəzdirdiyi bıçağı çıxararaq əvvəlcə Həsən Həsənova, sonra isə söhbətə müdaxilə edən Orxan Məmmədzadəyə zərbə endirib. Daha sonra o həyat yoldaşı ilə birlikdə hadisə yerini tərk edib. Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.2 və 29,120.2.7 maddələri ilə cinayət işi başlanıb.