Daimi əfv duyğusu yoxdur: Qanun hamı üçün qanundur

Heç kəs qanunvericilikdən irəli gələn qərarları şərh etmək lüksünə sahib deyil

Azərbaycan Beynəlxalq Bankından yüksək məbləğdə kredit götürərək qaytarmayan daha bir qrup şəxs həbs edilib.Həbs olunanlar arasında Beynəlxalq Bankın sabiq məsul vəzifəli əməkdaşları və iş adamları var. Bildirilir ki, Azərbaycan Beynəlxalq Bankından yüksək məbləğdə kredit götürərək vəsaitləri qaytarmayan bankın sabiq məsul vəzifəli əməkdaşları və iş adamları - Beynəlxalq Bankın Mərkəzi filialının direktoru olmuş İlqar Abdullayev, Beynəlxalq Bankın Nəqliyyat filialının direktoru vəzifəsində işləmiş Kənan Orucov, Beynəlxalq Bankın inzibati binalarının mühafizəsini həyata keçirən "İnter Security" MMC-nin baş direktoru İbrahim Hüseynov, "Azərinşaatservis" MMC-nin Müşahidə Şurasının sədri Arif Həsənov, "Azərinşaatservis" MMC-nin təsisçisi olduğu "Trek İnvest" SC-nin direktor əvəzi Əli Əlişov və "İnter Glass" ASC-nin direktoru Fariz Muradov həbs olunublar. Məlumata görə, Beynəlxalq Bankın vəsaitlərini mənimsəməkdə şübhəli bilinən  şəxslərə qarşı da müvafiq tədbirlər görülməsi bundan sonra da davam etdiriləcək.
Heç kəs özünü əlahiddə statusda və daimi əvf duyğusu altında, cəzasılıq naturasında hiss etməməlidir. Bu gün iqtisadiyyatlar xüsusi şəxslər tərəfindən yatırılan investisiyalar hesabına inkişaf edir. Amma ölkələrinin inkişafını qarşılarına prioritet kimi qoymuş bir çox iş adamlarından fərqli olaraq, bəzi şəxslərin Azərbaycan iqtisadiyyatının inkişafına təkan vermək əvəzinə dövlətə məxsus pulları mənimsəmək cəhdləri təəssüf hissləri doğurur. Bu baxış bucağı normal deyil. Müəyyən zamanlar ərzində bəzi şəxslər dövlət tərəfindən ayrılmış kreditləri yalnız şəxsi büdcələrini genişləndirmək işlərinə sərf ediblər. Demokratiya və hüquq dövləti olan Azərbaycan hamıya investisiya yatırımı, azad biznes üçün əlverişli mühit yaradıb. İş adamları ölkə iqtisadiyyatına maraq yaratmaqla yanaşı, ölkə xaricində dövlətin milli maraqlarının qorunması fəaliyyətində lobbi fəaliyyətini də icra etməlidirlər. Həbs olunanlara məhkəmə qərarı ilə cəza verildiyi halda, ictimai əmlakın ələ keçirilməsinə, çirkli pulların yuyulmasına, həmçinin dövlət vəsaitlərinin təyinatından kənar istiqamətdə xərclənməsinə nəzarət Daxili İşlər Nazirliyinin müstəsna haqlarından biridir və bunu şantaj edərək cəmiyyətə fərqli biçimdə çıxaranlar sahibkarlarda vahimə və xof hissini gücləndirməyə, iri kapitala guya təhlükə olduğunu qabartmağa, ən əsası, dövləti reyderlikdə ittiham etməklə cəzasızlığa şərait yaratmağa ümid bəsləyirlər. Lakin, qanun hamı üçün qanundur, heç kəs qanunvericilikdən irəli gələn qərarları şərh etmək lüksünə sahib deyil. ("OLAYLAR İA")

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31