Baş Prokurorluq Elşad Abdullayevin təhlükəsizliyinə təminat verdi
4 Oktyabr 2012 15:36 KriminalAzərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin qardaşı Mahir Abdullayevin itkin düşməsi ilə bağlı başlanmış cinayət işi barədə əməliyyat qrupu yaradılıb. Bu barədə "OLAYLAR"a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, Elşad Abdullayevin prezident İlham Əliyevə müraciətini nəzərə alaraq qardaşı Mahir Abdullayevin 13 oktyabr 2003-cü il tarixdə itkin düşməsi və digər faktlarla bağlı istintaq olunan cinayət işi üzrə Baş prokurorun qərarı ilə Baş Prokurorluğun nəzdində tam yeni tərkibdə istintaq-əməliyyat qrupu yaradılıb və qrupa rəhbərlik Baş prokurorun böyük köməkçisi Elmar Camalova həvalə edilib. Eyni zamanda "Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında" 11 dekabr 1998-ci il tarixli Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq E.Abdullayevin Azərbaycan Respublikasına gəldiyi təqdirdə qeyd olunan cinayət işi üzrə zərərçəkmiş şəxs kimi şəxsi təhlükəsizliyi təmin ediləcək.